Image

Son altı ayda 3500-dən çox şəxsə evdə səyyar xidmət göstərilib

2026-cı ilin ilk altı ayında ümumilikdə 3 502 nəfərə evdə (səyyar) sosial xidmət göstərilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi anews.az-ın sorğusuna cavab olaraq bildirib. 

Xidmət alanların 2 676 nəfəri qadın, 826 nəfəri isə kişidir.

Məlumata əsasən, xidmət göstərilən imtiyazlı şəxslərin 3 256 nəfərini ahıllar, 534 nəfərini isə əlilliyi olan şəxslər təşkil edib.

Qurum bildirib ki, evdə sosial xidmət vətəndaşların gündəlik məişət ehtiyaclarının qarşılanması, sosial təminat və hüquqi məsələlər üzrə zəruri dəstəyin göstərilməsi məqsədilə həyata keçirilir.

Agentliyin məlumatına görə, sosial xidmətçilər vətəndaşların evlərinə gedərək ev təsərrüfatı işlərində, əsas tələbat mallarının alınmasında və digər məişət məsələlərində köməklik göstərirlər. Sosial işçilər isə hüquqi sənədləşmə və sosial müdafiə tədbirlərinin təşkili istiqamətində dəstək verirlər.

Azərbaycanda evdə (səyyar) sosial xidmət proqramı ahıl, əlilliyi olan və sosial dəstəyə ehtiyacı olan şəxslərin yaşayış yerlərində sosial xidmətlərlə təmin olunmasını nəzərdə tutur. Xidmət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti