Image

Zakir Həsənov Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı başsağlığı verib

 

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri general-leytenant Dauren Kosanova Xəzər dənizində hərbi təlim zamanı baş verən hadisə ilə bağlı başsağlığı verib.

Sentyabrın 24-də Aktau şəhərindən 43 kilometr məsafədə keçirilən hərbi-dəniz təlimləri zamanı hava şəraitinin kəskin pisləşməsi nəticəsində dalğa 19 hərbçini dənizə aparıb. Hadisə nəticəsində 9 hərbçi həlak olub, 3 nəfər xilas edilib, 7 hərbçinin axtarışları davam etdirilir.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı başsağlığında Zakir Həsənov həlak olan hərbçilərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralanan hərbi qulluqçuya şəfa diləyib.

“Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralanan hərbi qulluqçuya isə tezliklə sağalması üçün şəfa diləyirəm. Axtarış-xilasetmə əməliyyatlarının müsbət nəticələr verəcəyi ümidindəyəm. Allah rəhmət eləsin”, -  Həsənov bildirib.

Hadisədən sonra axtarış-xilasetmə əməliyyatlarına Qazaxıstanın dörd hərbi gəmisi, Mi-8 helikopteri və Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti