Dollar bir qədər də ucuzlaşdı - Yeni məzənnə
ABŞ dollarının qlobal məzənnə dəyərində bu ilin iyulundan müşahidə edilən ucuzlaşma davam edir. Gundem.az xəbər verir ki, iyunun sonunda bir avro 1,067 dollara dəyişdirildiyi halda hazırda 1,1 dollardan yüksək qiymətə dəyişdirilir. Bu gün beynəlxalq birjalarda avronun dollara nisbətən bahalaşmasının davam etdiyi görünür. Dolların ucuzlaşması ABŞ-də faizlərin endiriləcəyinə dair gözləntilərin güclənməsi ilə bağlıdır. Bu gözləntilərdən irəli gələrək Dollar İndeksi düşür. 2024-cü ilin iyunun sonunda 105,6 olan indeks hazırda 102-dir.
Dollar İndeksinin enməsi özünü avronun dollara qarşı olan kursunda da göstərir. Azərbaycanda isə dolların ucuzlaşması müşahidə edilmir. Çünki ölkəmizdə sabit məzənnə siyasəti yürüdülür və bununla əlaqədar olaraq dollar/manat məzənnəsi uzun müddətdir ki, dəyişmir. Dollar/manat məzənnəsi dəyişməsə də digər valyutaların manatla olan məzənnəsində dəyişiklik var. Dollara qarşı yüksələn avronun manata nisbətən də bahalaşması görünür. İyunun sonunda 1,84 olan avro hazırda 1,88-ə çatıb. (Sfera.az)