Qızılın qiymətində tarixi DÖNÜŞ – Pulumuzu HARA YATIRAQ?
Xəbər verdiyimiz kimi Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 40 dollar artaraq 3 334,1 dollar təşkil edib. Qızılın qiymətinin tarixi rekord səviyyəsində bahalaşması hər kəsdə belə bir sual yaradır. Artıq vəsaitimizi qızılamı yönəldək?
Gundem.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, qızılın bahalaşmasının əsas səbəbi dünyanın iqtisadi mənzərəsinin aydın olmamasıdır: “Tarif müharibələri, iqtisadi daralmalar təhlükəsi hələ də qalır. Belə vəziyyətdə isə investorlar güvənli yatırım kimi qızıla üz tuturlar. İnvestorların bu marağı təbii ki, qızılın qiymətini fantastik dərəcədə bahalaşdırır. Qiymət tarixi maksimumlardadır. Qiymət bir müddət də arta bilər. Amma biz bunu zaman-zaman görmüşük ki, qızıl elə bir aktivdir ki, qiyməti kəskin yüksəldiyi kimi geri çəkilmələr də olur.
Əgər yaxın zamanlar tarif müharibələri dayansa, iqtisadiyyatlar böyüsə o zaman investorlar yenə də qiymətli kağızlara, real sektora maraq göstərəcəklər və o zaman qızıldan vəsaitlərini çıxardacaqlar.
Yəni bir müddətdən sonra qızılın qiymətinin ucuzlaşma ehtimalı var. Hələliksə qızıl bahalaşmaqda davam edir və yaxın bir-iki ayda qiymətlərin bahalaçacağı gözləniləndir”.