Image

Bakı metrosuna Çin vaqonları gətirilə bilər

Bakı Metropoliteninin 2030-cu ilədək almağı planlaşdırdığı 299 yeni vaqonun istehsalçısı hələ müəyyən edilməyib və təchizatçı tender və ya dövlət sifarişi yolu ilə seçilə bilər. Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov anews.az-a açıqlamasında bildirib. “Vaqonların kimdən alınacağını dəqiq bilmirik. Qanunvericiliyə görə ya tender elan olunmalı və seçim müsabiqə yolu ilə aparılmalı, ya da dövlət sifarişi olmalıdır”, - Məmmədov deyib. Onun sözlərinə görə, Bakı Metropoliteni yeni hərəkət tərkiblərinin istehsalı imkanlarını öyrənmək məqsədilə bir sıra xarici istehsalçılarla təcrübə mübadiləsi aparıb və onların istehsal prosesi ilə tanış olub. Məmmədov bildirib ki, bunların sırasında Çexiyanın Skoda və Çinin CRRC şirkətləri də var. Metropoliten həmçinin ənənəvi olaraq Rusiya istehsalçıları ilə əməkdaşlıq edib. “Tender elan olunarsa, istənilən şirkət müsabiqəyə qatıla bilər. Bizim üçün əsas məsələ texniki şərtlərdir. Həmin şərtlərə uyğun müasir, dördüncü nəsil qatarlar istehsal edən istənilən şirkət prosesə qoşula bilər”, - Məmmədov deyib. Bakı Metropoliteni 2030-cu ilədək əsasən Bənövşəyi xətt üçün 299 yeni vaqonun alınmasını planlaşdırır. Metropoliten rəsmilərinin bildirdiyinə görə, hazırda sistemdə 71 qatar tərkibi mövcuddur. Yeni qatarların alınması metro şəbəkəsinin genişləndirilməsi və hərəkət intervallarının azaldılması planlarının bir hissəsidir. Qırmızı və Yaşıl xətlərin ayrılması, “Dərnəgül” deposunun tam istifadəyə verilməsi və yeni infrastrukturun tikintisi ilə bu xətlər üzrə də əlavə hərəkət tərkiblərinə ehtiyac yaranacağı gözlənilir. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Bu ərazilərdə qaz olmayacaq