"Dərnəgül" elektrik deposu 2028-ci ilin əvvəlində tam istismara veriləcək
Bakı Metropoliteninin “Dərnəgül” elektrik deposunda tikintinin ikinci mərhələsi çərçivəsində 12 vaqon istismara verilib, depon
un tam fəaliyyətə başlaması isə 2027-ci ilin sonu-2028-ci ilin əvvəlinə planlaşdırılır. Bunu “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Namiq Yusubov cümə axşamı “Dərnəgül” elektrik deposunda ikinci mərhələ üzrə işlərin tamamlanması və ilk qatarın qəbulu ilə bağlı keçirilən mediatur zamanı anews.az- ın sualına cavab verərkən bildirib.
“Hazırda istismara verilmiş 12 vaqon var - bunlardan üçü qaldırma sahəsi, doqquzu isə təmir-baxış vaqonudur”, - Yusubov deyib.
Onun sözlərinə görə, layihənin növbəti mərhələsinin 2027-ci ilin sonu-2028-ci ilin əvvəlinədək tamamlanması, vaqonların tam fəaliyyətə başlaması və zəruri tunellərin tikintisindən sonra Bakı metrosunun Qırmızı və Yaşıl xətləri üzrə müstəqil qatar hərəkətinin təşkil edilməsi nəzərdə tutulur.
“Dərnəgül” elektrik deposunun tam istismara verilməsi Bakı metrosunun Qırmızı və Yaşıl xətlərinin ayrılması layihəsinin əsas elementlərindən biridir. Hazırda hər iki xəttin qatarlarına “Nərimanov” elektrik deposu xidmət göstərir, Qırmızı və Yaşıl xətlər isə “28 May” stansiyası və “Həzi Aslanov” istiqamətində ortaq infrastrukturdan istifadə edir.
Xətlərin ayrılması başa çatdıqdan sonra Yaşıl xətt üzrə qatarların “Dərnəgül-Xətai” istiqamətində müstəqil hərəkəti nəzərdə tutulur. Layihənin məqsədi qatarların hərəkət intervalını azaltmaq, sərnişin axınını daha səmərəli idarə etmək və mövcud şəbəkənin buraxılış qabiliyyətini artırmaqdır.
Gülnar Nazimqızı
Mənbə: anews.az