Image

Gələcəyin dizaynı - ənənələr və sənətkarlıq rəqəmsal texnologiyalara qarşı...

"Ənənələri qeyd edin" ("Celebrate Traditions") devizi altında bu il avqustun 25-dən 27-dək Stokholmda növbəti "Formex" dizayn sərgisi keçirildi. Sərgi tarixi köklərə, əl əməyinə və toxunma duyğusuna (taktilliyə) qayıdışı bəyan edərək müasir yaşayış fəlsəfəsindəki köklü dəyişikliyi qeydə aldı.

Bütün məşhur İsveç yarmarkalarının keçirildiyi "Älvsjömässan"ın düz girişində tanınmış dizayner Yeva Andersson tərəfindən yaradılmış "Qış nağılı" ekspozisiyası yer almışdı.

Burada ziyarətçilər əvvəlcə demək olar ki, monoxrom ağ landşaft boyunca hərəkət edirdilər: sükut və əmin-amanlığın hökm sürdüyü aysberqlərə bənzər asimmetrik stendlər, küknarlar və həndəsi fiqurlar. Lakin içəridə onların qarşısında gözlənilmədən İsveçdə sevilən bayramların — Milad, qış toyu və xərçəng ziyafətinin estetikasını əks etdirən təntənəli şəkildə bəzədilmiş süfrələr açılırdı. Bənzərsiz üslub duyumu sayəsində dizayner qar kimi ağ süfrənin, yaşıl küknarların, qırmızı xərçənglərin və şimalın tarixi və adət-ənənələri ilə bağlı bir çox elementin yer aldığı təsirli bir məkan yaratmışdı.

"Biz İsveç ənənələrinə və sənətkarlığına ehtiram göstərməyə davam edir, onların dizaynda yeni tərzdə necə qarşılıqlı əlaqədə ola biləcəyini nümayiş etdirir, həm pərakəndə ticarət, həm də müxtəlif tədbirlər üçün ideyalar təklif edirik", — deyə "Formex"in açılışında layihə meneceri Sonya Byork Ebert bildirdi.

Aparıcı Skandinaviya ekspertləri yaxın mövsümlərdə interyer dəbini müəyyən edən üç əsas istiqaməti fərqləndirdilər:

Bunlar sərgisinin fəlsəfi özəyini təşkil edən gündəlik rituallar, yəni "Quiet Rituals"dır. Söhbət informasiya yükünün əksinə olaraq həyat tempinin qəsdən yavaşladığı "ev sığınacağı", tənhalıq və dinclik məkanı konsepsiyasından gedir.

Daha sonra — nəsillərin varisliyini və ailə tarixi ilə dərin bağı tərənnüm edən qış toy mərasimləri — "Midwinter Weddings". Dizaynda bu, vintaj elementlərin və arxiv ailə naxışlarının istifadəsi vasitəsilə ifadə olunur.

Eləcə də zərif dekorativliyə, mürəkkəb dərin fakturalara, bəzəkli ornamentlərə və vurğulayıcı interyer əşyalarına qayıdışın müşahidə olunduğu "Jewelry Box" və ya zərgərlik qutusu.

Lakin sərgidəki əksər ekspozisiyaların əsas sensasiyası və ana xətti total rəqəmsallığın hökmranlığına qarşı şüurlu etiraz oldu. Əgər son illərdə sənaye evi maksimum dərəcədə "ağıllı" etməyə çalışırdısa, "Formex 2026" qadcetlərin hökmranlığından imtina edərək psixoloji rahatlığa çağırdı.

Müasir qonaq otağının memarlığı artıq kompüter və ya simsiz audio sisteminin ətrafında qurulmur. Əksinə, diqqət vinil vallara və kitablara yönəldilir. Texnikanın parlaq səthləri əvəzinə dizaynerlər insana hiss edilə bilən duyğuları qaytarmağa qadir olan maksimum tekstura təklif etdilər. Onların sevimliləri kobud əl işi keramika, boyanmamış təbii kətan, uzun tüklü yun xalçalar və üzərində qəsdən saxlanılmış əl işi izləri olan mebellər oldu. Smartfon və televizorun işığı yerini mum şamın alovuna verir; insan adi kibritlə onu yandıraraq ağır iş günündən sonra beynini dincəldir ki, bu da ev terapiyasına bənzəyir.

Dizayn sənayesi artıq bizi texnologiyalarla təəccübləndirməyə çalışmır. Bu gün dəbdəbə — axşamı sükut içində kitab vərəqləyərək, vinil vala qulaq asaraq və ya ailə ilə stolüstü oyun oynayaraq keçirmək imkanıdır.

Bu cür asudə vaxta olan canatma həmin əyləncə əşyalarını qapalı siyirmələrdən ön plana çıxararaq tamhüquqlu dekor elementinə çevirdi.

Dəyərli ağac növlərindən, latundan və bəzək daşlarından hazırlanmış şahmat, nərd, domino ən görünən yerdə duraraq insanlararası ünsiyyət üçün məkan yaradır.

"Printworks Market" brendi parça cildli kitablar şəklində stolüstü oyunlar kolleksiyasını təqdim etdi: onları gizlətmək yox, əksinə, yaxınlarla daha tez-tez toplaşmağı təşviq edən sənət obyektləri kimi jurnal masalarının üstündə saxlamaq lazımdır. Zərif vizual sükutu isə dizayner Anna Deduxun simasında gənc "Väva" brendi təmin etdi; o, otaqda dərin, canlı kölgələr formalaşdıran, diod kəskinliyindən tamamilə uzaq, yumşaq yayılmış işıq bəxş edən, toxuculuq saplarından əllə toxunmuş abajurlar yaratdı.

Beləliklə, "Ağıllı ev" konsepsiyasının öz zirvəsinə çatdığı bir dövrdə Skandinaviya dizaynı insana fiziki reallığı, toxunma hissini və zehni dincliyi qaytarmaq üçün nəzərdə tutulmuş "analoq dizayn" adlanan istiqamətə doğru dönüş etdi.

Analoq dizayn — sadəcə retro üslub və ya tərəqqidən imtina deyil. Bu, texnologiyaların görünməz xidmətçi olaraq qaldığı, əsas qəhrəmanın isə insan və onun fiziki duyğu orqanları olduğu canlı bir məkandır.

Məsələn, tanınmış İsveç brendi "Jakobsdals" öz ekspozisiyasını nəm gil, mamır, terrakota kimi torpağın tutqun çalarlarında olan qalın məxmər və fakturalı bukle üzlüklü dərin, "bələyən" kreslolarla doldurmuşdu. "Affari of Sweden" şirkəti bu dəfə elektrik işıqlandırma ssenarilərindən imtina edərək, bunun əvəzinə döymə dəmir və yonulmuş daşdan hazırlanmış massiv şamdanlarda şamlar təklif etdi.

Ailəvi emalatxana olan "Paradisverkstaden" isə ənənələri yenidən nəzərdən keçirərək tələsmədən yemək hazırlamaq üçün ağır gil kasalar təqdim etdi.

Axı Skandinaviya dizaynerlərinin fikrincə, mənzilin əsl dəbdəbəsi artıq sükut, dinclik, rahatlığın dərinliyi və evin bizi özümüzə qaytarmaq qabiliyyəti ilə ölçülür. Təsadüfi deyil ki, sərgidə bu dəyərləri ən dəqiq əks etdirən layihələr mükafatlandırıldı.

Bu, ilk növbədə, gənc müəlliflərin yarışdığı "Design Talents – Best in Show"dur. Əsas mükafatı öz konseptual "Backbone Chair" stuluna görə Hermine Bliks (Hermine Blixt) qazandı. O, kəski alətinin görünən izləri olan bütöv ağac kütləsindən hazırlanıb və bu qəsdən edilmiş sənətkarlıq qüsurunu dizaynın başlıca xüsusiyyətinə çevirir. Məhz "Design Talents" kimi təşəbbüslər sayəsində "Formex" istedadların növbəti nəslini yetişdirir və sənaye üçün yeni imkanlar yaradır.

Xüsusi "FORM 01" mükafatı ən qədim şüşə fabriki "Skrufs Glasbruk" üçün hazırladığı unikal qab-qacaq kolleksiyasına görə dizayner Yohanna Linnerə (Johanna Linnér) nəsib oldu. Bu şüşə yarım əsr əvvələ aid İsveç qəliblərində tökülüb, tərkibinə çay sodasının (natrium hidrokarbonat) əlavə edilməsi sayəsində isə daxilində minlərlə hava qabarcığı donub qalaraq hər bir məhsulda təkrarlanmaz naxış formalaşdırıb.

"Stand Spotlight" nominasiyasında cəmi 9 kvadratmetr sahədə ənənəvi Skandinaviya mətbəxinin isti ab-havasını yenidən canlandıran və həqiqi rahatlığın miqyasdan asılı olmadığını sübut edən "Stikkan" brendi ən yaxşı seçildi.

"Formex" sərgisində üçüncü dəfə idi ki, dayanıqlı inkişafa həsr olunmuş ekspozisiya açılırdı. 115 kvadratmetrlik sahədə ekoloji həllər axtaran alıcılara, interyer dizaynerlərinə və stilistlərə kömək etmək məqsədi daşıyan geniş çeşiddə məhsulları — dezodorantlardan, içkilərdən, şüşə məmulatlarından tutmuş tullantısız məhsullara və interyer əşyalarına qədər təqdim edən 17 brend yerləşmişdi.

Buradakı əsas stend icarəyə götürülmüş mebel və xalçalarla bəzədilmişdi. Dizayner Mariya Soksbonun sözlərinə görə, bu yanaşma yeni istehsala ehtiyac olmadan maraqlı sərgi mühitinin necə yaradılmasına nümunə ola bilər.

"Formex"də yumşaq oyuncaq ayıların uşaq rəsmlərindən ibarət 112 metrlik bədii sərgi xüsusi maraq doğurdu. Bu, "Teddykompaniet" şirkəti tərəfindən keçirilən superqəhrəmanlar müsabiqəsi idi. Bütün İsveçdən olan uşaqlardan öz ayılarını çəkmək xahiş olunmuşdu, lakin yalnız bir rəsm 2027-ci ildə satışa buraxılacaq oyuncağa çevriləcək. Satılan hər bir oyuncaqdan əldə edilən 50 kron ciddi xəstəliklərdən əziyyət çəkən uşaqlara kömək edən "Min Stora Dag" təşkilatına yönəldiləcək. Qalib balaca Maks və onun Ulduz adlı ayısı oldu; bu barədə "Formex"in açılış günündə elan edildi.

Hüqqe (hygge) adlanan Skandinaviya sadəliyi ilə XIX əsr Fransız vintaj estetikasının vəhdətindən ibarət qeyri-adi kolleksiyanı romantik üslubda qab-qacaq, ev tekstili və interyer aksesuarları istehsal edən tanınmış Danimarka brendi "GreenGate" təqdim etdi.

Şirkətin unikallığı ondadır ki, onun dizaynerləri XIX əsrə aid qədim əl rəsmləri və çiçək ornamentləri arxivindən istifadə edərək onları müasir interyerlərə uyğunlaşdırırlar. Bunun sayəsində "GreenGate" kolleksiyaları eyni zamanda həm zərif, həm rahat, həm də zamansız görünür.

Yeri gəlmişkən, "Formex"də təmsil olunan bütün dizayner brendləri arasında "GreenGate" "Le Village" şirkəti vasitəsilə Bakıda mövcud olan yeganə brenddir.

Və həmişə olduğu kimi, yay yarmarkasında Milad məhsulları geniş təmsil olunmuşdu: bəzəkli küknarlar, bayram bəzəkləri, rəngarəng dekorasiyalar.

Ekspozisiyalar, stendlər və məhsullarla yanaşı, sərgi həmişəki kimi aparıcı ekspert və dizaynerlərin fikir mübadiləsi apardığı, bazardakı vəziyyəti təhlil etdiyi və interyer dizaynındakı ümumi meyilləri müzakirə etdiyi geniş proqram təqdim etdi.

"Formex" — Skandinaviyanın interyer dizaynı üzrə ən böyük meydançası, bu dizayn sənayesi və ev malları üçün ticarət platformasıdır. O, artıq 66 ildir ki, ildə iki dəfə: qışda və yayda keçirilir.

Səbinə İsgəndərli  

Mənbə: anews.az

Xəbər lenti

Züleyxa Hacıyeva vəfat edib

Netanyahu Qəzzaya gedib