Özbəkistan əlifbasını dəyişir
Özbəkistan Parlamentinin Yuxarı Palatası (Senat) latın qrafikasına əsaslanan özbək əlifbasının quruluşunu dəyişdirən yeni qanun layihəsini qəbul edib.Bu barədə TASS xəbər verir.
Qanuna əsasən, özbək əlifbası hazırkı 26 hərf və üç hərf birləşməsi əvəzinə 28 hərf və bir apostrofdan ibarət olacaq.
Dəyişikliklər “Latın qrafikasına əsaslanan özbək əlifbasının tətbiqi haqqında” qanuna edilir.
Yeni əlifbaya keçidin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Qanun qüvvəyə minənədək mövcud əlifba ilə tərtib edilmiş rəsmi sənədlər, milli valyuta və qiymətli kağızlar öz hüquqi qüvvəsini saxlayacaq. Dövlət qurumlarının bəzi rəmzləri, lövhələri və göstəricilərindən isə onlar yararsız vəziyyətə düşənədək və ya müəyyən edilmiş müddətədək istifadə olunmasına icazə veriləcək.
Senatın məlumatına görə, dəyişikliklər özbək əlifbası və orfoqrafiya qaydalarının təkmilləşdirilməsinə, həmçinin özbək dilinin rəqəmsallaşdırılması imkanlarının genişləndirilməsinə xidmət edəcək.
Qanun imzalanması üçün Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim olunacaq.
Mənbə: anews.az