Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
Azərbaycana yönələn birbaşa xarici investisiyalarda maliyyə institutlarının payı cəmi 7% təşkil edir və bu sahədə mövcud potensialdan tam istifadə olunmur. Bunu “PAŞA Bank”ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bildirib.
“Maliyyə institutlarına baxdıqda bu göstərici cəmi 7%-dir. Düşünürəm ki, potensial bundan daha böyükdür”, - Nağıyev deyib. Onun sözlərinə görə, beynəlxalq maliyyə institutları yerli banklarla əməkdaşlıq edərək logistika, nəqliyyat və yaşıl enerji layihələrinin maliyyələşdirilməsində daha fəal iştirak edə bilər. Nağıyev bildirib ki, Çin mallarının Azərbaycan üzərindən Avropaya çatdırılma müddətinin 14–15 günədək azalması Orta Dəhlizi beynəlxalq investorlar üçün cəlbedici edir. PAŞA Bankın logistika və nəqliyyat sektoruna kredit portfeli də son altı ayda artıb. “Burada böyük imkan və potensial var. Bu, beynəlxalq investorların ilk növbədə nəzərə almalı olduqları məsələlərdəndir”, - o bildirib. Nağıyev yaşıl keçidi investisiya üçün ikinci əsas istiqamət adlandıraraq, beynəlxalq şirkətlərlə yanaşı, yerli bankların da Azərbaycandakı bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsində iştirak etdiyini deyib. Gülnar Nazimqızı
Mənbə: anews.az