Image

Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yekun investisiya qərarı 2029-cu ildə veriləcək

Gücü 4 giqavat olan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsi üzrə yekun investisiya qərarının (FID) 2029-cu ildə qəbul edilməsi, layihənin mərhələli şəkildə istismara verilməsinə isə 2032-ci ildən başlanması planlaşdırılır.

Bunu energetika nazirinin müavini Elnur Soltanov çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında bildirib.

Onun sözlərinə görə, layihə artıq texniki-iqtisadi əsaslandırma mərhələsindən sonrakı mərhələyə keçib.

Soltanov bildirib ki, Azərbaycan bərpa olunan enerji potensialını Avropa bazarlarına bir neçə marşrut vasitəsilə çıxarmağı planlaşdırır. Bunlara Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi, Mərkəzi Asiya-Azərbaycan Dəhlizi, həmçinin Gürcüstan və Naxçıvan vasitəsilə Türkiyə və Avropaya uzanan bağlantılar daxildir.

Nazir müavininin sözlərinə görə, Azərbaycanın Xəzər dənizində 157 giqavat həcmində dəniz külək enerjisi potensialı var, ölkədə 2032-ci ilədək ümumi gücü 8 giqavat olan külək və günəş enerjisi layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Soltanov Almaniya şirkətlərini oktyabrın 22-də Bakıda keçiriləcək Yaşıl Enerji Dəhlizi üzrə İnvestisiya və Tərəfdaşlıq Forumunda layihənin həyata keçirilməsində investor və strateji tərəfdaş kimi iştirak imkanlarını müzakirə etməyə dəvət edib.  

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu