Image

Dövlət Statistika Komitəsinin sədr müavini dəyişdirilib - sərəncam

Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov vəzifəsindən azad edilib, onun yerinə Səbuhi Əliyev təyin olunub. Bununla bağlı Prezident İlham Əliyev iki sərəncam imzalayıb.

Səbuhi Əliyev 1983-cü ildə anadan olub. O, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009-cu ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2004-2005-ci illərdə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçib.

S.Əliyev əmək fəaliyyətinə 2007-ci ildə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində başlayıb. 2010-2019-cu illərdə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun İdarə Edilməsi Agentliyində baş məsləhətçi, sektor müdiri və digər vəzifələrdə çalışıb.

2019-cu ildə Vergilər Nazirliyində fəaliyyət göstərib, 2019-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim olub.

2024-cü ilədək Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən şöbə müdiri vəzifəsində çalışıb.

2024-cü il avqustun 19-dan 2026-cı il aprelin 13-dək həmin Agentliyin direktor müavini olub.

S.Əliyev 2026-cı il aprelin 14-dən avqustun 24-dək Dövlət Statistika Komitəsi sədrinin müşaviri, avqustun 24-dən oktyabrın 7-dək isə Komitənin Aparat rəhbəri vəzifəsində çalışıb.

O, dövlət qulluğunun baş müşaviridir. S.Əliyev Prezidentin 21 iyun 2025-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Səbuhi Əliyev ailəlidir, iki övladı var.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu