İlham Əliyev Qarabağ Universitetinin Kitabxanası və İnnovasiya Mərkəzinin təməlini qoyub - yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimində iştirak edib.
Dövlət başçısına binalarda yaradılacaq şərait barədə məlumat verilib.
Bildirilib ki, universitetin kitabxanası tədris, elmi-tədqiqat və innovasiya fəaliyyətinin dəstəklənməsi, müasir informasiya resurslarına çıxış imkanlarının genişləndirilməsi və tələbəyönümlü akademik mühitin formalaşdırılmasına xidmət edəcək.
Dördmərtəbəli kitabxana binasında eyni vaxtda təxminən 1 100 tələbənin istifadəsinə imkan verən oxu zallarının, fərdi və qrup şəklində öyrənmə, görüş və akademik əməkdaşlıq məkanlarının yaradılması nəzərdə tutulur.
Qeyd olunub ki, kitabxana universitetin akademik ehtiyaclarını qarşılamaqla yanaşı, region ictimaiyyəti üçün də informasiya mənbəyi rolunu oynayacaq. Burada elmi müzakirələrin, bilik və təcrübə mübadiləsinin təşviqi, universitetlə əhali arasında əlaqələrin genişləndirilməsi planlaşdırılır.
İnnovasiya Mərkəzi isə innovasiya və sahibkarlıq ekosisteminin inkişafı, elmi-tədqiqat nəticələrinin praktiki tətbiqinin təşviqi, müasir texnologiyaların və innovativ ideyaların dəstəklənməsi məqsədilə yaradılacaq.
Mərkəzin tələbələrin yaradıcılıq, tənqidi düşünmə və problem həll etmə bacarıqlarının inkişafına, innovativ təşəbbüslərinin dəstəklənməsinə, eləcə də universitetlə sənaye arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyi bildirilib.
Bununla yanaşı, mərkəz Qarabağ regionunun sosial-iqtisadi inkişafına töhfə verən təşəbbüslərin dəstəklənməsində, yerli ehtiyaclara uyğun innovativ həllərin hazırlanmasında, universitetlə dövlət qurumları və özəl sektor arasında əməkdaşlığın inkişafında rol oynayacaq.
***
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib.
Universitetin rektoru Şahin Bayramov və Klinikanın baş direktoru Samir Babayev dövlət başçısına şöbədə yaradılmış şərait barədə məlumat veriblər.
Bildirilib ki, təsdiq edilmiş memarlıq-planlaşdırma həllinə uyğun olaraq aparılan işlər çərçivəsində mövcud mühəndis-kommunikasiya sistemləri yenidən qurulub, şöbə müasir tələblərə uyğun təşkil edilib.
Təcili tibbi yardım şöbəsində xəstələrin qəbulu, müayinəsi və müalicəsinin səmərəli təşkili məqsədilə funksional zonalar yaradılıb. Burada reanimasiya və pediatriya bölmələri, palata, dərmanların saxlanılması və tibbi xidmətlərin təşkili üçün otaqlar fəaliyyət göstərir.
Şöbə müvafiq tibbi avadanlıq və müasir mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunub. İlkin qiymətləndirmədən sonra tibbi göstərişlər əsasında pasiyentlərin digər tibb müəssisələrinə köçürülməsi üçün reanimasiya və intensiv terapiya imkanlarına malik təcili tibbi yardım avtomobilləri də mövcuddur.
Hazırda Klinikada 70 stasionar, o cümlədən beş reanimasiya çarpayısı var. Təcili yardım şöbəsində isə əlavə olaraq 19 çarpayı və beş əməliyyat zalı nəzərdə tutulub. Beləliklə, tibb müəssisəsi eyni vaxtda 70 stasionar və 19 təcili yardım pasiyentinə xidmət göstərə biləcək.
Qeyd olunub ki, 2027-ci il üzrə inkişaf planına əsasən, Klinikada ümumilikdə 230-250 əməkdaşın çalışması nəzərdə tutulur.
Klinikanın əsas məqsədi tibbi xidmət göstərməklə yanaşı, müasir tibb təhsilini, klinik təcrübəni və gələcəkdə elmi-tədqiqat fəaliyyətini birləşdirən mərkəz kimi inkişaf etməkdir.
***
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, Elm və Təhsil Nazirliyinin sifarişi ilə mərkəzdə əsaslı təmir işlərinə 2025-ci ilin martında başlanılıb.
İkimərtəbəli, 360 yerlik tədris binasında 9 emalatxana, 3 təlim sahəsi, musiqi alətlərinin hazırlanması və bərpası emalatxanası, 5 tədris otağı, rəsm otağı, fizika və kimya laboratoriyaları, informatika və hərbi təlim otaqları, həmçinin yeməkxana yaradılıb.
Beşmərtəbəli yataqxanada isə akt zalı, texniki yaradıcılıq sahəsi, emalatxanalar, kitabxana, elektron kitabxana, tədris və yataq, istirahət və fitnes otaqları, eləcə də ictimai iaşə obyekti yerləşir.
Şuşa Peşə Təhsili Mərkəzi bölgədə həyata keçirilən bərpa və quruculuq layihələri üçün yerli ixtisaslı kadrların və peşəkar mütəxəssislərin hazırlanmasına xidmət edəcək.
Mənbə: anews.az