Serbiyanın Azərbaycandakı səfirinə "Dostluq" ordeni təqdim olunub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviçi qəbul edib.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan-Serbiya əlaqələrinin inkişafındakı xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif olunmuş səfirə mükafat təqdim edilib və təbrikləri çatdırılıb.
Draqan Vladisavlyeviç mükafata görə minnətdarlığını bildirərək bunu iki ölkə arasında münasibətlərə verilən yüksək qiymətin göstəricisi kimi dəyərləndirib.
Tərəflər Azərbaycan-Serbiya münasibətlərinin strateji tərəfdaşlıq xarakterini və ikitərəfli əməkdaşlıq gündəliyini müzakirə ediblər.
Ceyhun Bayramov iki ölkə arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu ifadə edib. O, siyasi dialoqun, qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Görüşdə dövlətlərin suverenliyi və ərazi bütövlüyü başda olmaqla, beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd olunub.
Həmçinin son illərdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, enerji, nəqliyyat və logistika, sənaye, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib.
Tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərin uzlaşdırılmasını və qarşılıqlı dəstəyin davam etdirilməsini də müzakirə ediblər.
Azərbaycandakı diplomatik fəaliyyətini başa vuran səfirə gələcək fəaliyyətində uğurlar arzulanıb. Vladisavlyeviç isə ölkədəki fəaliyyəti dövründə göstərilən dəstəyə və əməkdaşlığa görə təşəkkürünü bildirib, Azərbaycan-Serbiya münasibətlərinin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.
Mənbə: anews.az