Image

Android smartfonlar oğrular üçün yararsız hala gələcək

"Google" korporasiyası Android əməliyyat sistemi ilə işləyən smartfonlar üçün yeni və təkmilləşdirilmiş təhlükəsizlik funksiyalarını elan edib.

BAKU.WS xəbər verir ki, bu barədə şirkətin təhlükəsizlik bloqunda məlumat verilib.

Yeni təhlükəsizlik tədbirləri smartfonun özünü və onun yaddaşında saxlanılan məlumatları oğurluq hallarından qorumağa yönəlib. İT nəhənginin mütəxəssislərinin sözlərinə görə, bu funksiyalar telefonları faktiki olaraq oğrular üçün yararsız edəcək.

Belə ki, artıq Android 15 versiyasında çoxsaylı uğursuz identifikasiya cəhdlərindən sonra ekranın avtomatik bloklanması funksiyası mövcuddur. Android 16 versiyasında isə istifadəçilər neçə dəfə səhv girişdən sonra ekranın bloklanacağını və bu bloklamanın nə qədər davam edəcəyini özləri tənzimləyə biləcəklər.

"Identity Check" (Şəxsiyyətin yoxlanılması) funksiyası artıq yalnız sistem xidmətlərini deyil, biometrik identifikasiyadan istifadə edən bütün tətbiqləri əhatə edəcək. Sistem cihazın kənar şəxs tərəfindən istifadə edildiyini şübhəli hesab edərsə, əlavə təhlükəsizlik kodunun daxil edilməsini və ya üz tanıma skanını tələb edə bilər.

"Google" həmçinin ekran kilidində parolun seçilməsi ilə bağlı gücləndirilmiş müdafiə alətlərinin daha ağıllı işlədiyini açıqlayıb. Belə ki, əməliyyat sistemi eyni parolun təkrar-təkrar daxil edilməsini limitə daxil etməyəcək. Şirkətin qeyd etdiyi kimi, bu yanaşma məsələn, maraq göstərən uşağın telefonu kilidləməsinin qarşısını alacaq.

Yeni təhlükəsizlik funksiyaları Android 16 və daha yeni versiyalarla işləyən smartfonlar üçün əlçatandır.

Xəbər lenti