Günün bu saatlarında dhaa çox insult baş verir
İspaniyanın Karl III Milli Tədqiqat Mərkəzinin (CNIC) alimləri müəyyən ediblər ki, işemik insultun ağırlığı onun baş verdiyi günün vaxtından asılıdır.
Araşdırmalara görə, axşam və gecə saatlarında baş verən insultlar zamanı beyinin zədələnməsi, adətən, daha güclü olur.
BAKU.WS-in "Circulation Research" jurnalına istinadla verdiyi xəbərə görə, bu prosesdə əsas rol neytrofillərin – anadangəlmə immunitetin ən çoxsaylı hüceyrələrinin – sutkalıq ritmlə tənzimlənməsidir. Məhz bu hüceyrələr insult zamanı ilk reaksiya verənlərdir. Siçanlar üzərində aparılan təcrübələr və 500-dən çox pasiyentin klinik məlumatlarının təhlili göstərib ki, sutkalıq dövrün müəyyən fazalarında neytrofillər daha aqressiv, iltihab yaradan vəziyyətə keçir.
Axşam və gecə saatlarında bu hüceyrələr daha fəal şəkildə hüceyrədənkənar tələlər - DNT və zülallardan ibarət hörümçək toruna bənzər strukturlar - ifraz edir. Normal halda bu strukturlar orqanizmin infeksiyalara qarşı mübarizəsinə kömək edir, lakin insult zamanı onların artıqlığı beyində mikrosirkulyasiyanı pozur, mikrotrombların yaranmasına səbəb olur, əlavə qan dövranını azaldır və toxuma zədələnməsini gücləndirir.
Əksinə, səhər saatlarında neytrofillər daha sakit davranır, bu isə insult zamanı zədələnmə zonasının daha kiçik olmasına kömək edir. Tədqiqat müəlliflərinin sözlərinə görə, bu məlumatlar izah edir ki, niyə eyni simptomlara malik xəstələrdə insultun nəticələri tamamilə fərqli ola bilər.