Image

“28 May” stansiyası bağlanmayacaq, Yaşıl xətt “Nizami”də yekunlaşacaq

Xətlərin ayrılması layihəsi çərçivəsində 28 May metro stansiyası fəaliyyətini davam etdirəcək, lakin Yaşıl xətt üzrə hərəkət edən qatarlar tikinti işləri səbəbindən stansiyaya daxil olmayacaq. Bu barədə Bakı Metropoliteninin sədri Vüsal Aslanov yerli mətbuata müsahibəsində deyib. 

Onun sözlərinə görə, layihə çərçivəsində Yaşıl xətt yalnız Dərnəgül metro stansiyası-Nizami metro stansiyası istiqamətində işləyəcək və “Nizami” faktiki olaraq xəttin son stansiyasına çevriləcək.

Aslanov qeyd edib ki, “28 May-Nizami” tunel hissəsində tikinti işləri aparılacağı üçün Yaşıl xətt sərnişinləri “28 May” stansiyasına birbaşa gedə bilməyəcəklər.

Metro rəhbəri bildirib ki, sərnişin axınının idarə olunması üçün süni intellekt əsaslı rəqəmsal analiz aparılıb və məlumatlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə paylaşılıb.

Onun sözlərinə görə, “Nizami” stansiyasına hər 3 dəqiqədən bir daxil olan qatarda təxminən 1600 sərnişin daşınır və həmin sərnişinləri “28 May” istiqamətinə avtobuslarla daşımaq üçün eyni intervalda 20 avtobus tələb olunardı.

“Bu, həm texniki baxımdan çətin, həm də şəhər mərkəzində əlavə sıxlıq yarada biləcək variantdır. Buna görə alternativ avtobus marşrutlarının təşkili planlaşdırılır”, - o bildirib. 

Metro rəhbəri həmçinin qeyd edib ki, konseptual planda Y-17 adı ilə nəzərdə tutulan Həzi Aslanov-2 metro stansiyası müstəqil fəaliyyət göstərməyəcək və gələcəkdə Xətai metro stansiyasına birləşdiriləcək.

Onun sözlərinə görə, bunun üçün daha üç yeni stansiya və tunel tikintisi tələb olunur. Yeni tender paketinə həmin layihə də daxil edilib və aktiv tikinti işlərinə gələn ildən başlanılması, layihənin isə 2030-cu ilə qədər tamamlanması planlaşdırılır.

Aytac 

Xəbər lenti

Bu yol 2 gün bağlı olacaq