SOCAR ötən ilin maliyyə hesabatını açıqlayıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2025-ci ildə gəlirləri 86,3 milyard manat, ümumi mənfəəti isə 12,6 milyard manat təşkil edib. Bu barədə SOCAR-dan məlumat verilib.
Şirkətin əməliyyat fəaliyyətindən mənfəəti əvvəlki illə müqayisədə 80% artaraq 5,2 milyard manata, xalis mənfəəti isə təxminən 3 milyard manata çatıb.
Şirkətin 2025-ci il üzrə EBITDA göstəricisi 10,9 milyard manat olub. Bu, 2024-cü illə müqayisədə 26% artım deməkdir. Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti isə il ərzində 136% artıb.
SOCAR bildirib ki, gəlirlərin əsas hissəsi xam neft, neft və kimya məhsulları, eləcə də təbii qazın satışından əldə edilib.
Şirkət 2025-ci ildə investisiya fəaliyyətini də genişləndirib. SOCAR “Bahar” və “Qum-Dəniz” yataqlarında 80% pay əldə edib, İsrailin Aralıq dənizində yerləşən “Tamar” qaz yatağında isə 10% effektiv iştirak payı alıb. Türkiyədə neft-kimya və enerji layihələri, həmçinin rəqəmsal infrastruktur və petrokimya sahələrində investisiyalar davam etdirilib.
SOCAR 2025-ci ildə dövlətə dividendlər, dövlət ayırmaları, vergilər və sosial xərclər daxil olmaqla ümumilikdə 3,8 milyard manat ödəniş edib. 2021–2025-ci illərdə bu ödənişlərin ümumi məbləği 15,9 milyard manat olub.
Eyni dövrdə dövlət tərəfindən SOCAR-a ümumilikdə 1,6 milyard manat vəsait yatırılıb.
2025-ci ildə qlobal enerji bazarlarında geosiyasi qeyri-müəyyənlik və enerji təhlükəsizliyi ilə bağlı risklər, həmçinin təbii qaza artan tələbat əsas tendensiyalar sırasında olub. SOCAR həmin dövrdə beynəlxalq aktivlərini genişləndirərək enerji dəyər zəncirində iştirakını artırıb.
SOCAR-ın 31 dekabr 2025-ci il tarixinə konsolidə edilmiş maliyyə hesabatına “Ernst & Young Holdings (CIS) B.V.” tərəfindən dəyişilməmiş audit rəyi verilib.
Aytac Zeynalova
Mənbə: anews.az