Image

Deputat sənədsiz evlərlə bağlı yeni təklif verib

Milli Məclisin deputatı Kamal Cəfərov Azərbaycanda sənədsiz yaşayış evləri probleminin həlli üçün xüsusi dövlət proqramının hazırlanmasını təklif edib.

Deputat parlamentdə çıxışı zamanı bildirib ki, çıxarışı olmayan evlərdə yaşayan vətəndaşlar bir sıra hüquqi və sosial problemlərlə üzləşirlər.

Onun sözlərinə görə, belə evlərin sahibləri əmlak üzərində hüquqlarını tam şəkildə reallaşdıra bilmir, miras, mülkiyyət bölgüsü və digər hüquqi prosedurlarda çətinliklərlə qarşılaşırlar.

“Sənədsiz evlərdə yaşayan vətəndaşlarımız miras hüquqlarını tam həyata keçirə bilmir, ailə başçısının vəfatından sonra hüquqlar avtomatik tanınmır, əmlak övladlara qanuni qaydada ötürülmür. Boşanma hallarında mənzilə hüquqi iddia imkanları məhdudlaşır”, – deputat bildirib.

Kamal Cəfərov qeyd edib ki, sənədsiz evlər bazarda da dəyər itirir və adətən analoji sənədli mənzillərlə müqayisədə 20-30 faiz daha ucuz satılır.

Onun sözlərinə görə, belə əmlak banklar tərəfindən girov kimi qəbul edilmədiyindən vətəndaşlar sahib olduqları daşınmaz əmlakı maliyyə resursuna çevirə bilmirlər.

Deputat problemin həlli üçün beynəlxalq təcrübəyə istinad edərək Türkiyədə həyata keçirilən “İmar Barışı” proqramını nümunə göstərib.

“Türkiyədə 2018-ci ildə həyata keçirilən proqram çərçivəsində milyonlarla sənədsiz ev müəyyən ödəniş müqabilində qeydiyyata alınıb. Azərbaycanda da magistral xətlər, enerji infrastrukturu, strateji ərazilər və digər xüsusi təyinatlı torpaqlarda yerləşən tikililər istisna olmaqla, sənədsiz evlərin leqallaşdırılması imkanları nəzərdən keçirilə bilər”, – o deyib.

Deputat hesab edir ki, belə addım həm vətəndaşların mülkiyyət hüquqlarının təmin edilməsinə, həm də iqtisadi dövriyyənin genişlənməsinə və dövlət büdcəsinə əlavə daxilolmaların yaranmasına töhfə verə bilər.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb