AMB kapital bazarının inkişafını müzakirə edib
Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Əli Əhmədov ölkənin kapital bazarında fəaliyyət göstərən əsas qurumların rəhbərləri ilə görüşüb.
AMB-nin məlumatına görə, görüşdə Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA), Bakı Fond Birjası (BFB), Milli Depozit Mərkəzi (MDM) və investisiya şirkətlərinin rəhbərləri iştirak edib.
Görüş zamanı 2026-cı ilin ikinci rübündə kapital bazarlarının inkişaf dinamikası, investisiya şirkətlərinin fəaliyyət nəticələri, sektorda müşahidə olunan əsas tendensiyalar və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində 2026-cı ildə kapital bazarının inkişafı istiqamətində görülən işləri də nəzərdən keçiriblər.
Müzakirələrdə kapital bazarının qarşısında duran əsas çağırışlar da diqqət mərkəzində olub. Bunlar arasında real sektor nümayəndələrinin kapital bazarında daha fəal iştirakının təşviqi, sektorun rəqəmsallaşdırılması və maliyyə savadlılığının artırılması ilə bağlı təşəbbüslər yer alıb.
Mənbə: anews.az