Image

Azərbaycanda gündəlik neft hasilatı iyulda 453 min barelə düşüb

Azərbaycanda orta gündəlik xam neft hasilatı 2026-cı ilin iyulunda 453 min barel təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 4 min barel azdır.

OPEC-in aylıq hesabatına görə, iyun ayında Azərbaycanda orta gündəlik xam neft hasilatı 457 min barel olub.

Hesabatda qeyd olunur ki, 2026-cı ilin birinci rübündə Azərbaycanda orta gündəlik xam neft hasilatı 454 min barel, ikinci rübdə isə 457 min barel təşkil edib. Beləliklə, ikinci rübdə hasilat birinci rüblə müqayisədə gündəlik 3 min barel artıb.

2025-ci ildə Azərbaycanda orta gündəlik xam neft hasilatı 461 min barel olub. Bu, 2024-cü ilin göstəricisindən 20 min barel azdır.

Azərbaycan “OPEC+” sazişinin iştirakçısıdır. Saziş OPEC üzvü olan və olmayan neft hasilatçısı ölkələrin bazarda tarazlığı qorumaq məqsədilə hasilat siyasətini əlaqələndirməsini nəzərdə tutur.

2026-cı ilin sonunadək Azərbaycan üçün müəyyən edilmiş gündəlik hasilat kvotası 551 min barel təşkil edir.

Beləliklə, iyul ayında Azərbaycanın faktiki xam neft hasilatı “OPEC+” çərçivəsində müəyyən edilmiş kvotadan gündəlik 98 min barel aşağı olub.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 37 dərəcə isti olacaq