Image

Deputat: Sərnişinləri düşürən taksilərə cərimə tətbiq olunmamalıdır

Taksi fəaliyyəti ilə bağlı qanunvericilikdə sərnişinlərin, xüsusilə həssas qrupların rahatlığının nəzərə alınmasının vacibdir. Bunu deputat Məlahət İbrahimqızı deyib. 

Deputat qeyd edib ki, taksi sürücülərinə tətbiq olunan cərimələrlə bağlı əsas narazılıq qaydaların mövcudluğu deyil, bəzi hallarda sərnişinlərin təhlükəsiz və rahat şəkildə nəqliyyat vasitəsindən düşməsi üçün şəraitin kifayət qədər yaradılmamasıdır.

“Xəstə var, hamilə qadın var, hava şəraiti var. Bəzən elə hallar olur ki, taksi sürücüsü sərnişini düşürmək üçün məcburən müəyyən məsafədə dayanmalı olur və buna görə cərimə ilə üzləşir”, – deputat bildirib.

Onun sözlərinə görə, ictimai əhəmiyyətli obyektlərin, xəstəxanaların və digər məkanların yaxınlığında qısa müddətli sərnişin mindirmə və düşürmə imkanlarının yaradılması məqsədəuyğun olardı.

“Bəzən xəstəxananın yanında belə sərnişini düşürmək üçün imkan olmur. Halbuki bəzi hallarda cəmi 2-3 dəqiqəlik dayanma kifayət edir ki, sərnişin rahat şəkildə avtomobildən düşsün”, – Məlahət İbrahimqızı qeyd edib.

Deputat həmçinin taksi sürücülərinin aidiyyəti qurumların tələbləri arasında yaranan ziddiyyətlərdən narazı olduqlarını bildirib.

Onun sözlərinə görə, bəzi hallarda nəqliyyat fəaliyyətini tənzimləyən qurumların yanaşmaları ilə yol hərəkəti qaydalarına nəzarət edən strukturların tələbləri arasında fərqlər yaranır.

“Eyni məsələ ilə bağlı fərqli yanaşmaların olması həm sürücülər, həm də sərnişinlər üçün çətinlik yaradır. Bu ziddiyyətlərin aradan qaldırılması vacibdir”, - deputat vurğulayıb.

İbrahimqızı bildirib ki, taksi sektorunun tənzimlənməsi ilə bağlı təqdim olunan qanun layihəsi aktual məsələləri əhatə edir və sahədə mövcud problemlərin hüquqi çərçivədə həllinə imkan yarada bilər.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb