Son bir ildə abort edənlərin sayı 21%-i keçib
Azərbaycanda 2025-ci ildə 95 117 abort qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 21,6% çoxdur. Bu barədə anews.az-n sorğusuna cavab olaraq Dövlət Statisika Komitəsindən bildirilib.
Statistikaya görə, 2024-cü ildə ölkədə 78 245 abort qeydə alınmışdı. Beləliklə, bir il ərzində abortların sayı 16 872 hal artıb.
2025-ci ildə yetkinlik yaşına çatmayanlar və yeniyetmələr arasında da minlərlə abort qeydə alınıb. Belə ki, 15-19 yaş qrupunda ümumilikdə 3 244 abort baş verib. Onlardan 66-sı 15-17 yaşlı, 3 178-i isə 18-19 yaşlı qızların payına düşüb.
Müqayisə üçün, 2024-cü ildə 15-17 yaş qrupunda 72, 18-19 yaş qrupunda isə 2 679 abort qeydə alınmışdı. Bu isə 18-19 yaşlılar arasında abortların sayının bir il ərzində təxminən 18,6% artdığını göstərir. Eyni zamanda, 15-17 yaş qrupunda qeydə alınan abortların sayı 72-dən 66-ya enərək azalma nümayiş etdirib.
Abort etdirən qadınların ən böyük hissəsini 25-34 yaş qrupu təşkil edib. Rəsmi statistikaya əsasən, 2025-ci ildə abort etdirənlərin 27 498-i 30-34 yaş, 26 329-u isə 25-29 yaş qrupunda olub.
Gülnar Nazimqızı
Mənbə: anews.az