Azərbaycan məktəbi yaxın beş ildə şəxsiyyət formalaşdıran modelə keçməlidir – Nazir
Azərbaycan məktəbi yaxın beş ildə daha çox şəxsiyyət formalaşdıran məktəb istiqamətində dəyişməlidir. Bunu elm və təhsil naziri Emin Əmrullayev Trend, APA və “Xəzər TV”yə birgə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, təhsil sisteminin qarşısında duran əsas çağırışlardan biri milli kimliyin, adət-ənənələrin, dəyərlərin və Azərbaycan dilinin qorunmasıdır.
“Azərbaycan dilinin digər dillərin inkişafı fonunda itib-batmaması, rəqabətə davam gətirməsi baxımından bu bizim üçün açıq çağırışdır”, - Əmrullayev deyib.
O bildirib ki, məktəb azərbaycançılıq ideologiyası əsasında, milli dəyərlərini dövrün reallıqlarına uyğunlaşdıran nəsil yetişdirməlidir.
Əmrullayev əlavə edib ki, beynəlxalq rəqabət və texnoloji inkişaf fonunda insani dəyərlərin qorunması da təhsil sisteminin əsas vəzifələrindən biri olaraq qalır.
Mənbə: anews.az