DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib
Hazırda Bakıda və ölkənin bir sıra bölgələrində yağışlı hava şəraiti müşahidə olunur ki, bu da yollarda qəza riskini artırır. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Qurumun məlumatına görə, xüsusilə gecə və səhər saatlarında müşahidə olunan çiskinli hava görünüş məsafəsini məhdudlaşdırır və sürücülərin hərəkətini çətinləşdirir.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu paytaxt və bölgələr istiqamətində nəqliyyat axınının artacağını nəzərə alaraq, sürücüləri qeyri-sabit hava şəraitində daha diqqətli olmağa, sürət həddinə riayət etməyə, nasaz nəqliyyat vasitələri ilə yola çıxmamağa, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
İdarə bildirib ki, sinoptiklərin proqnozuna əsasən, iyunun 28-dək davam edəcək yağışlı hava piyadaların, eləcə də moped və motosiklet sürücülərinin hərəkətinə də mənfi təsir göstərə bilər. Bu səbəbdən onlardan hava şəraitini nəzərə almaları və digər hərəkət iştirakçıları üçün təhlükə yarada biləcək davranışlardan çəkinmələri xahiş olunub.
Mənbə: anews.az