Azərbaycanın 8 torpaq laboratoriyası beynəlxalq səriştə sınağını uğurla tamamlayıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) 8 torpaq laboratoriyası BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşəbbüsü ilə yaradılan Qlobal Torpaq Laboratoriyaları Şəbəkəsinin (GLOSOLAN) səriştəlilik sınağını uğurla tamamlayıb. Bu barədə FAO məlumat yayıb.
Səriştəlilik sınağına hazırlıq çərçivəsində FAO tərəfindən Sabirabad, Ucar və Şəki regional laboratoriyalarının 30 əməkdaşı üçün texniki təlimlər keçirilib. Təlimlərdə torpaq analizlərinin aparılması, nümunələrin hazırlanması, nəticələrin emalı və standart metodların tətbiqi üzrə praktiki bilik və bacarıqlar təkmilləşdirilib.
FAO-nun beynəlxalq eksperti və AXA-nın mütəxəssislərinin iştirakı ilə keçirilən təlimlər laboratoriyaların texniki və peşəkar imkanlarının gücləndirilməsinə yönəlib.
FAO bildirib ki, nəticə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində AXA ilə əməkdaşlıq əsasında həyata keçirilən texniki dəstək fəaliyyətinin nəticəsidir.
Background: FAO-nun Qlobal Torpaq Tərəfdaşlığı çərçivəsində yaradılan GLOSOLAN torpaq laboratoriyaları arasında əməkdaşlığı və vahid keyfiyyət standartlarının tətbiqini təşviq edir. Şəbəkənin beynəlxalq səriştəlilik sınağı laboratoriyalara apardıqları analizlərin nəticələrini beynəlxalq meyarlarla müqayisə etmək imkanı verir.
Hazırda Azərbaycanda 11 torpaq laboratoriyasının potensialının gücləndirilməsi nəzərdə tutulur. Bu istiqamətdə görülən işlər kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramında laboratoriya xidmətlərinin müasirləşdirilməsi üzrə müəyyən edilmiş prioritetlərlə uzlaşır.
FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat bildirib ki, dəqiq və etibarlı torpaq analizləri dayanıqlı kənd təsərrüfatı üçün mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, Azərbaycan laboratoriyalarının beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsinə dəstək ölkədə elmi əsaslı qərarların qəbulunu gücləndirməklə yanaşı, torpaq ehtiyatlarının qorunmasına və kənd təsərrüfatının inkişafına xidmət edir.
FAO qeyd edib ki, 11 laboratoriyanın hamısı səriştəlilik sınağını uğurla tamamladıqdan sonra Azərbaycanda beynəlxalq səviyyədə tanınan standartlara uyğun fəaliyyət göstərən vahid torpaq laboratoriyaları şəbəkəsinin formalaşdırılması mümkün olacaq. Bunun torpaq ehtiyatlarının dayanıqlı idarə olunması, kənd təsərrüfatında məhsuldarlığın artırılması və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.
Mənbə: anews.az