UN-Habitat: Humanitar minatəmizləmə şəhərlərin bərpasının başlanğıcıdır
Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılması, insanların öz evlərinə qayıtması və şəhərlərin bərpası üçün əsas şərtlərdən biridir. Bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Erfan Ali “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda keçirilən 4-cü beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bir ailənin evinə qayıtması, məktəbin yenidən fəaliyyətə başlaması və ya yolun icmanı yenidən birləşdirməsindən əvvəl torpaq təhlükəsiz olmalıdır.
Erfan Ali qeyd edib ki, UN-Habitat üçün humanitar minatəmizləmə şəhər siyasəti, planlaşdırma və maliyyələşdirmənin fundamental tərkib hissəsidir. Təmizlənmiş ərazilər olmadan səmərəli şəhər planlarının hazırlanması, təhlükəsiz mülkiyyət hüquqlarının təmin edilməsi, infrastruktur şəbəkələrinin qurulması və məcburi köçkünlərlə qaçqınların ləyaqətlə öz evlərinə qayıtması üçün etibarlı imkanların yaradılması mümkün deyil.
Bildirilib ki, Azərbaycan “Mina təhlükəsi ilə mübarizə tədbirləri” adlı 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədini qəbul edib. Bu məqsəd mina çirklənməsini təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh qarşısında kompleks maneə kimi tanıyır.
Azərbaycanda minatəmizləmə fəaliyyəti “Böyük Qayıdış” proqramına, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma prosesinə inteqrasiya olunub.
Gülnar Nazimqızı
Mənbə: anews.az