Azad edilmiş ərazilərdə bir həftədə 1 558 mina və PHS zərərsizləşdirilib
Azad edilmiş ərazilərdə avqustun 31-dən sentyabrın 6-dək 28 tank əleyhinə mina, 140 piyada əleyhinə mina və 1 390 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, hesabat dövründə ümumilikdə 1 558 mina və partlayıcı hərbi sursat zərərsizləşdirilib.
Həmin müddətdə 1 706,4 hektar ərazi minalardan və partlayıcı sursatlardan təmizlənib.
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı humanitar minatəmizləmə işlərini bərpa və yenidənqurma prosesinin əsas istiqamətlərindən biri hesab edir. Rəsmi statistikaya görə, Azərbaycanda mina qurbanlarının sayı 3 400 nəfəri ötür. Onlardan 359-u uşaq, 38-i isə qadındır.
Təkcə 2020-ci ildə başa çatan İkinci Qarabağ müharibəsindən sonra mina partlayışları nəticəsində 382 nəfər zərər çəkib. Onlardan 55 nəfər həlak olub, 143 nəfəri isə mülki şəxslərdir.
Qlobal statistikaya əsasən, mina qurbanlarının 84%-ni mülki şəxslər təşkil edir. Mülki qurbanların 37%-i uşaqlar, ümumi mina qurbanlarının isə 81%-i kişilər və oğlan uşaqlarıdır.
Gülnar Nazimqızı
Mənbə: anews.az