Anar Məmmədliyə 13 il, Anar Abdullayevə 12 il həbs cəzası verilib
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 13 il, ictimai fəal Anar Abdullayev isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən iclasda onların cinayət işi üzrə hökm elan olunub.
Məmmədli və Abdullayevə Cinayət Məcəlləsinin bir sıra maddələri, o cümlədən qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq və digər əməllərlə bağlı ittihamlar irəli sürülüb.
Məmmədli ötən ilin aprelində saxlanılıb. Onun işi əvvəlcə “Abzas Media” işi ilə birlikdə araşdırılıb, daha sonra ayrıca icraata ayrılıb. Abdullayev isə həmin ay iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Məmmədli ittihamları qəbul etməyib. Onun və Abdullayevin müdafiə tərəfinin hökmə münasibəti barədə məlumat verilməyib.
Məmmədli daha əvvəl də cinayət məsuliyyətinə cəlb olunub. O, 2015-ci ildə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və 2016-cı ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.
Beynəlxalq təşkilatlar və ABŞ Dövlət Departamenti daha əvvəl Azərbaycan hakimiyyətini Məmmədli və digər həbsdə olan jurnalist və fəalların azad edilməsinə çağırıb.
Aytac Zeynalova
Mənbə: anews.az