Dövlət bağçalarında yer sayı artırılıb
Dövlət bağçalarının şəbəkəsi müəyyən qədər genişləndirilib, eyni zamanda qrup və uşaq yerlərinin sayı artırılıb. Bunu Təhsil işçilərinin sentyabr konfransında çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.
O qeyd edib ki, əvvəlki illə müqayisədə 6 mindən çox əlavə yer elan olunub və ümumi yer sayı 112 minə çatdırılıb.
Eşqi Bağırov bildirib ki, dövlət bağçalarından sonra ikinci əsas model məktəbə hazırlıq qruplarının təşkilidir.
Onun sözlərinə görə, 2016-cı ildən tətbiq olunan bu layihə ümumi təhsil müəssisələrində beş yaşlı uşaqların məktəbə hazırlığını təmin edir.
"Bu istiqamətdə də ölkə üzrə yüksək nəticə əldə olunub. Belə ki, bu il qəbul yerlərinin sayı 85 mindən 104 minə çatdırılıb. Beş yaşlı uşaqların 93 faizinin məktəbəhazırlıq təhsili ilə əhatə olunması üçün imkan yaradılıb. Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi üçün tətbiq edilən ikinci model ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarıdır. Bu, son illərdə qeydə alınan ən yüksək göstəricidir”.
Mənbə: anews.az