Qazaxıstan hərbçilərinin Xəzərdə təlimləri başlayıb
Qazaxıstanın Hərbi Dəniz Qüvvələri (HDQ) Xəzər dənizində planlı təlimlərə başlayıb.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
"Xəzər dənizinin Qazaxıstan sektorunda Silahlı Qüvvələrin Hərbi Dəniz Qüvvələrinin planlı təlimləri başlayıb. Ekipajlar Qazaxıstan sektorunun bütün akvatoriyasından keçməli, müxtəlif şəraitlərdə fəaliyyətləri məşq etməli və praktiki atışlar həyata keçirməlidirlər", - qurumdan bildirilib.
Məlumata görə, təlimlər üç mərhələli olacaq. Dənizçilər gəmilər arasında qarşılıqlı əlaqəni, naviqasiya və rabitəni, gəmini idarəetməni və silahların tətbiqini məşq edəcəklər. Sahildən aralıda ekipajlara xüsusi diqqət yetiriləcək.
Hərbi Dəniz Qüvvələri baş komandanının döyüş hazırlığı üzrə müavini, 1-ci dərəcəli kapitan Arman Satkanovun sözlərinə görə, təlimlər zamanı ekipajların praktiki vərdişlərinin daha da təkmilləşdirilməsinə xüsusi diqqət yetiriləcək.
"Toplanış-yürüş zamanı ekipajlar gəmi silahlarının tətbiqi ilə praktiki atışlar yerinə yetirəcək və birgə fəaliyyətləri məşq edəcəklər. Mərhələlər keçdikcə tapşırıqlar mürəkkəbləşəcək, təlimlərə isə əlavə bölmələr qoşulacaq. Təlimlər Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığının təkmilləşdirilməsinə imkan verəcək", - qurumun məlumatında qeyd edilib.
Mənbə: anews.az