Ərdoğan və Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında sülh və regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Bu barədə Ermənistan Baş nazirinin Aparatı məlumat yayıb.
Bildirilib ki, görüş Antalyada keçirilib. Ərdoğan Paşinyanın Antalyaya səfərini və COP31 çərçivəsində Liderlər Sammitində iştirakını alqışlayıb. Paşinyan isə sammitin yüksək səviyyədə təşkilinə görə Türkiyə Prezidentinə təşəkkür edib.
Ermənistanın Baş naziri Türkiyənin İzmir şəhərindəki metallurgiya zavodunda baş verən partlayış nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.
Görüşdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi də müzakirə olunub. Tərəflər bu istiqamətdə səylərin davam etdirilməsinin və prosesin yekunlaşdırılmasının vacibliyini vurğulayıblar. Əldə olunmuş razılaşmaların icrası və ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərinə də toxunulub.
Tərəflər Azərbaycanla Ermənistan arasında sülhün regional əməkdaşlığın inkişafına yeni təkan verdiyini qeyd ediblər.
Həmçinin nəqliyyat kommunikasiyalarının açılması, o cümlədən TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Mənbə: anews.az