Qırmızı Bazarda baş verən mina hadisəsində xəsarət alan şəxsin son durumu açıqlanıb
Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi ərazisində baş verən mina partlayışı səbəbilə xəsarət alan 1984-cü il təvəllüdlü (kişi) Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, ona sol saidin aşağı 1/3 hissəsinin travmatik amputasiyası, sol said sümüklərinin yerdəyişmiş sınığı, sol baldır sümüklərinin aşağı 1/3 hissəsinin yerdəyişmiş sınığı, sol aşağı ətraf oynağının çıxığı, eləcə də bədənin müxtəlif nahiyələrinin sıyrılmış yaraları diaqnozu təyin olunub.
Pasiyentə zəruri tibbi müdaxilələr göstərilib və cərrahi əməliyyata alınıb.
*** 16:00
Qırmızı Bazarda minaya düşən şəxs cərrahiyyə əməliyyatına alınıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Xocavənd rayonunda baş vermiş mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Bərdə rayon sakini 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılov Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
O, Cərrahiyyə şöbəsindədir və əməliyyata alınıb.
*** 14:42
Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında noyabrın 11-də mina hadisəsi baș verib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu birgə məlumat yayıb.
Bildirilib ki, 1984-cü il təvəllüdlü Bərdə rayon sakini İsmayılov İsgəndər Adil oğlu idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində İsmayılov İsgəndər müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
Mənbə: baku.ws