Etibarnamə ilə avtomobil və mənzil almaq istəyənlərə XƏBƏRDARLIQ
"Etibarnamə əsasında avtomobil və ya mənzil almaq ilk baxışdan daha asan və sərfəli variant kimi görünsə də, bu üsul alıcılar üçün ciddi hüquqi və maliyyə riskləri yarada bilər. Çünki etibarnamə əmlakın mülkiyyət hüququnu alıcıya vermir və yalnız müəyyən səlahiyyətlərin həyata keçirilməsinə icazə yaradır".
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, şəxs avtomobilə və ya mənzilə görə pul ödəsə belə, yalnız etibarnamə əsasında həmin əmlakın qanuni mülkiyyətçisinə çevrilmir:
"Mülkiyyət hüququnun bir şəxsdən digərinə keçməsi yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada, o cümlədən notariat qaydasında təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirilməlidir".
Etibarnamə istənilən vaxt ləğv edilə bilər
AQC sdəri etibarnamə ilə əmlak əldə edən şəxslərin qarşılaşa biləcəyi bir neçə mühüm riskə diqqət çəkib:
"Etibarnamə verən şəxs qanunvericiliyə uyğun olaraq istənilən vaxt bu sənədi ləğv edə bilər. Belə olan halda, əmlaka görə pul ödəmiş şəxs həmin əmlak üzərində əvvəlki səlahiyyətlərini itirə və ciddi problemlərlə üzləşə bilər.
Əmlak sahibinin vəfatı əlavə problemlər yarada bilər
Etibarnamə verən şəxsin vəfat etməsi də ciddi risklərdən biridir. Belə halda etibarnamənin qüvvəsinə xitam verilir və əmlakla bağlı vərəsəlik məsələləri gündəmə gəlir. Nəticədə, pul ödəyərək avtomobil və ya mənzil əldə etdiyini düşünən şəxs varislərlə hüquqi mübahisə yaşaya bilər.
Borclar və məhkəmə qərarları alıcını çətin vəziyyətə sala bilər
Əmlakın əvvəlki sahibinin borcları, məhkəmə qərarları və ya digər hüquqi öhdəlikləri də alıcı üçün gözlənilməz problemlər yarada bilər. Xüsusilə avtomobil və daşınmaz əmlakla bağlı mövcud məhdudiyyətlər sonradan əməliyyatların aparılmasına mane ola bilər.
Əmlakı satmaq və girov qoymaq çətinləşir
Etibarnamə əsasında əldə edilən avtomobil və ya mənzillə bağlı digər məhdudiyyətlər də mövcuddur. Belə əmlakı sonradan başqa şəxsə satmaq, bank qarşısında girov kimi təqdim etmək və öz adına rəsmiləşdirmək ciddi hüquqi çətinliklər yarada bilər".
Ekspertin fikrincə, etibarnamə ilə avtomobil və ya mənzil əldə etmək praktikada bəzən problemsiz başa çatsa da, bu üsul alıcının əmlak üzərində mülkiyyət hüququnu təmin etmir.
Bu səbəbdən, vətəndaşların əmlak alarkən yalnız etibarnaməyə güvənməməsi, ödəniş etməzdən əvvəl alqı-satqı müqaviləsinin qanunvericiliyə uyğun qaydada rəsmiləşdirilməsinə üstünlük verməsi tövsiyə olunur.
Orxan Hüseyn

Mənbə: baku.ws