Paşinyan: Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər
Azərbaycan nümayəndələri indiyədək iki dəfə Ermənistana səfər edərək birgə işçi proseslərində iştirak ediblər. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Paşinyan jurnalistlərə açıqlamasında xatırladıb ki, ilk belə səfərlə bağlı məlumat 2025-ci il sentyabrın 5-də yayılıb. Onun sözlərinə görə, həmin vaxt Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin görüşü keçirilib və hər iki ölkənin ərazisində iş prosesləri baş tutub.
Baş nazir qeyd edib ki, yanvarın 15-də ikinci səfər də baş tutub və bu dəfə müzakirələrin əsas mövzusu dəmir yolu infrastrukturu olub.
“Biz əvvəllər də demişdik ki, elektrik xətləri, boru kəmərləri, kabellər və dəmir yolları üzərində işləyirik. Bu istiqamətlər üzrə ikitərəfli işlər aparılır”, - Paşinyan bildirib.
Ermənistan və Azərbaycan Vaşinqtonda əldə olunmuş razılaşmalar çərçivəsində nəqliyyat, enerji və kommunikasiya infrastrukturunun bərpası üzrə texniki əməkdaşlığı davam etdirir. Tərəflər son bir ildə dəmir yolu, elektrik ötürücü xətləri və digər regional bağlantı layihələri üzrə birgə işçi görüşləri keçirdiklərini təsdiqləyiblər.
Gülnar nazimqızı
Mənbə: anews.az