Göygöldə Aqrar Biznes Festivalı və III Moruq festivalı başlayıb
Göygöl rayonunda Aqrar Biznes Festivalı və III Moruq festivalı təşkil olunub.
"Report"un məlumatına görə, Keşkü kəndində keçirilən və iki gün davam edəcək bu tədbir Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi (KTN), və Dövlət Turizm Agentliyinin dəstəyi ilə baş tutub.
Festival çərçivəsində ziyarətçilərə Göygölün əlverişli iqlimində becərilən müxtəlif növ təzə moruq sortları, o cümlədən fermerlərin üstünlük verdiyi məhsuldar "Polka" və "Polyana" sortları təqdim olunub. Qonaqlar təkcə bu faydalı giləmeyvənin dequstasiyası və satışı ilə deyil, həm də yerli istehsalçıların əl işləri və müxtəlif kənd təsərrüfatı məhsulları ilə tanış olmaq imkanı qazanıblar.
Festival çərçivəsində həmçinin "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirə təşkil olunub.
Tədbirin proqramına zəngin musiqi nömrələri, konsertlər, DJ çıxışları və açıq havada film nümayişləri də daxildir.
Mənbə: anews.az