Image

Niyə oxuyursan, tez ərə get - deputat bəzi müəllimləri tənqid etdi

Azərbaycanda bəzi müəllimlər qız şagirdlərə təhsillərini davam etdirmək əvəzinə erkən ailə qurmağı məsləhət görürlər. Bunu Milli Məclisin ailə,qadın və uşaq komitəsinin sədri deputat Hicran Hüseynova bildirib. “Yaxşı fənn müəllimi ola bilər, amma qız uşağına ‘niyə bu qədər əziyyət çəkib oxuyursan, tez ailə qurmağı düşün’ deyə məsləhət verən müəllimlər də var. Təəssüf ki, onlar hələ formalaşmamış gənclərin düşüncəsinə təsir göstərməyə çalışırlar”, - Hüseynova deyib. Onun sözlərinə görə, müəllimlərin yalnız peşə bilikləri deyil, psixoloji hazırlığı və şagirdlərə göstərə biləcəkləri təsir də qiymətləndirilməlidir. Deputat 15-16 yaşlı qızlarını nişanlayan və ya ərə verməyə hazırlaşan valideynlərin qanunvericilik və daşıdıqları məsuliyyət barədə məlumatlandırılmasını vacib sayıb. “15-16 yaşlı qızını məcburi şəkildə nişanlayan şəxs qanunu nə dərəcədə bilir? O, hansı məsuliyyəti daşıdığını anlayırmı? Regionlarda keçiriləcək görüş və maarifləndirmə tədbirlərində bu məsələlər izah olunmalıdır”, - o bildirib. Hüseynova erkən nikahların qarşısının alınması üzrə tədbirlərə universitetlərin və dini icmaların nümayəndələrinin də cəlb olunmasını təklif edib. “Uşaqların cinsindən asılı olmayaraq oxumalı, təhsil almalı və inkişaf etməli olduğunu təbliğ edən din xadimlərimiz var. Belə şəxsləri maarifləndirmə görüşlərinə dəvət etmək lazımdır”, - deputat əlavə edib. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti