Adil Vəliyev: 12 illik təhsilə keçmədən üçillik bakalavr sistemi məqsədəuyğun deyil
Azərbaycanda bakalavr təhsilinin üç ilə endirilməsi yalnız tam orta təhsilin müddəti 12 ilə çatdırıldıqdan sonra tətbiq oluna bilər. Bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev elm və təhsil komitəsinin iclasında bildirib. “Avropanın aparıcı ölkələrində və ABŞ-də bakalavr təhsilinin üç ilə endirilməsi prosesi başlayıb. Ancaq Azərbaycanda tam orta təhsil 11 il, dünyanın 100-dən çox ölkəsində isə 12 ildir. Bu proseslər bir-biri ilə zəncirvari şəkildə bağlıdır”, - Vəliyev deyib. Onun sözlərinə görə, 11 illik təhsil sistemi xarici universitetlərdə oxumaq istəyən azərbaycanlı abituriyentlər üçün də çətinlik yaradır. “Həmin universitetlər şagirdlərimizdən 12 illik təhsil tələb edirlər. Buna görə də bəzi şagirdlər çatışmayan müddəti Azərbaycanda fəaliyyət göstərən özəl təhsil müəssisələrində kompensasiya etməli olurlar”, - o bildirib. Vəliyev bakalavr təhsilinin üç ilə endirilməsi təklifini dəstəklədiyini, lakin məsələyə kompleks yanaşılmalı olduğunu deyib. “Əvvəlcə 12 illik ümumi təhsilə keçilməli, növbəti mərhələdə isə üçillik bakalavr sistemi tətbiq olunmalıdır. Hazırkı şəraitdə bakalavr təhsilinin üç ilə endirilməsi məqsədəuyğun olmaz”, - o əlavə edib. Bugün komitənin iclasında deputat Fariz İsmayılzadə ali təhsilin 3 ilə endirilməsini təklif edib. Gülnar Nazimqızı
Mənbə: anews.az