TPAO və SOCAR əməkdaşlığı “Qarabağ” yatağını da əhatə edə bilər – Bayraktar
Türkiyənin dövlət neft şirkəti TPAO və Azərbaycanın SOCAR şirkəti neft-qaz kəşfiyyatı və hasilatı sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edir və bu əməkdaşlıq Xəzərin Azərbaycan sektorundakı “Qarabağ” neft-qaz yatağını da əhatə edə bilər, Türkiyənin energetika naziri Alparslan Bayraktar cümə günü bildirib.
“SOCAR və Türkiye Petrollerinin həm Türkiyədə, həm də Azərbaycanda – ötən il Şəfəq-Asimanla başlayan və ümid edirəm ki, Qarabağla davam edəcək – birgə kəşfiyyat layihələrini, eləcə də üçüncü ölkələrdə həyata keçirə biləcəkləri layihələri müzakirə edirik”, – Bayraktar Bakıda keçirilən Azərbaycan-Türkiyə Enerji Forumunda deyib.
O, əməkdaşlığın genişləndirilməsinin TPAO-nun “Qarabağ” layihəsində pay almasını nəzərdə tutub-tutmadığını və mümkün payın həcmini açıqlamayıb.
Hazırda “Qarabağ” layihəsində SOCAR 65%, BP isə 35% paya malikdir. Layihənin operatoru BP-dir.
Ötən il SOCAR, BP və TPAO Türkiyə şirkətinin “Şəfəq-Asiman” layihəsinə 30% payla daxil olması barədə razılığa gəliblər.
“Qarabağ” yatağı Bakıdan təxminən 120 kilometr şərqdə yerləşir. Yatağın çıxarıla bilən ehtiyatları təxminən 21 milyon ton neft və 13 milyard kubmetr qaz həcmində qiymətləndirilir.
N.Təbrizli
Mənbə: anews.az