Image

AIH şirkətləri öz vəsaitlərini dövlət satınalmaları prosedurundan kənar xərcləyə biləcək

Azərbaycan İnvestisiya Holdinqinin (AIH) idarəetməsinə verilmiş kommersiya müəssisələrinin öz fəaliyyətindən əldə etdikləri vəsaiti dövlət satınalmaları prosedurundan kənar xərcləməsinə icazə verilməsi təklif olunur. Bunu Milli Məclisdə qanun layihəsinin müzakirəsi zamanı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin birinci müavini Cəfər Babayev bildirib. Onun sözlərinə görə, “Dövlət satınalmaları haqqında” qanuna təklif edilən 3.2.8-1-ci maddə AIH-in idarəetməsində olan şirkətlərə digər dövlətə məxsus kommersiya müəssisələri üçün mövcud olan hüququ verməyi nəzərdə tutur. “Bu müəssisələrin məqsədi gəlir əldə etmək və effektiv fəaliyyət göstərməkdir. Təklif olunan dəyişiklik AIH-in müəssisələrinə də eyni hüququn verilməsi üçündür”, - Babayev deyib. Dəyişiklik dövlət büdcəsindən ayrılan vəsaitlərə deyil, yalnız müəssisələrin öz kommersiya fəaliyyətindən qazandıqları pula şamil ediləcək.

Hazırda SOCAR, Azərbaycan Beynəlxalq Bankı, “Azərbaycan Dəmir Yolları” və “Azər-Türk Bank” kimi kommersiya müəssisələri müəyyən şərtlər daxilində öz vəsaitlərini dövlət satınalmaları haqqında qanunun ümumi prosedurlarından kənar xərcləyə bilirlər. Babayev bildirib ki, istisnadan istifadə üçün müəssisənin müşahidə şurası olmalı və satınalmalar üzrə daxili qaydaları təsdiqlənməlidir. “Əgər kommersiya müəssisəsinin müşahidə şurası yoxdursa, öz vəsaiti olsa belə, həmin pulu ‘Dövlət satınalmaları haqqında’ qanun çərçivəsində xərcləməlidir”, - o deyib. Onun sözlərinə görə, qanun dəyişikliyi satınalmaları dövlət nəzarətindən tam çıxarmayacaq. Müqavilələr xüsusi rəqəmsal maliyyə sistemi vasitəsilə bağlanacaq və Maliyyə Nazirliyi xərcləri izləyə biləcək. “Hətta müəssisələr öz qaydalarına uyğun olaraq öz vəsaitlərini xərclədikdə belə, Maliyyə Nazirliyi həmin əməliyyatları görəcək”, - Babayev bildirib.

AIH-in idarəetməsində AZAL, “Azərbaycan Dəmir Yolları”, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, “Bakı Metropoliteni” və “Aztelekom” daxil olmaqla bir sıra iri dövlət şirkətləri fəaliyyət göstərir. Dəyişikliklərin məqsədi həmin şirkətlərin gündəlik kommersiya əməliyyatlarında satınalma prosesini sürətləndirməkdir. Layihə qəbul olunmaq üçün Milli Məclisin plenar iclasına çıxarılmalıdır. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti