İlham Əliyev: Azərbaycanın qeyri-neft ixracı 2020-ci ildən bəri iki dəfə artıb
Azərbaycanın qeyri-neft ixracı 2020-ci ildən bəri iki dəfə, qeyri-neft sənayesi isə 1,5 dəfə artıb. Bunu Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində bildirib. Baş nazirin müavini Samir Şərifovun səsləndirdiyi müraciətdə qeyd olunub ki, 2020-ci ildən qeyri-neft sektorunda real ümumi daxili məhsulun orta illik artımı 5% təşkil edib. “Nəticədə, 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 72%-ə çatıb”, - müraciətdə deyilir. Əliyev iqtisadiyyatın şaxələndirilməsinin Azərbaycanın strateji məqsədlərinin əsasını təşkil etdiyini, qeyri-neft sektorunun isə iqtisadi artımın başlıca hərəkətverici qüvvəsinə çevrildiyini bildirib. Onun sözlərinə görə, ölkənin makroiqtisadi sabitliyi, nəqliyyat-logistika imkanları, iqtisadi zonalardakı infrastrukturu, vergi və gömrük güzəştləri, dövlət-özəl tərəfdaşlığı mexanizmləri investorlar üçün yeni imkanlar yaradır. Prezident qeyri-neft sektoruna xarici investisiyaların artmasının istehsal, ticarət, energetika, rəqəmsal transformasiya, süni intellekt və qabaqcıl texnologiyalar sahələrində Azərbaycanın qlobal dəyər zəncirlərinə inteqrasiyasını sürətləndirdiyini qeyd edib. Müraciətdə bildirilib ki, “Fitch” və “Moody’s” Azərbaycanın suveren kredit reytinqini investisiya səviyyəsinə yüksəldib, proqnozları müvafiq olaraq “sabit” və “müsbət” müəyyən edib. Azərbaycanın strateji valyuta ehtiyatları 2025-ci ilin sonunda ÜDM-in 110%-ni ötüb. Əliyev həmçinin Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini, Orta Dəhliz və formalaşmaqda olan Zəngəzur dəhlizinin ölkənin regional nəqliyyat qovşağı kimi rolunu gücləndirəcəyini bildirib. O əlavə edib ki, Azərbaycan ənənəvi enerji ixracı ilə yanaşı, yaşıl enerji dəhlizlərinin yaradılması və bərpa olunan enerjinin regional bazarlara inteqrasiyası istiqamətində layihələr həyata keçirir. Prezident istehsal, nəqliyyat və logistika, bərpa olunan enerji, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, qida emalı və turizm infrastrukturunu, həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işlərini potensial investisiya sahələri kimi göstərib. Gülnar Nazimqızı
Mənbə: anews.az