Image

Ceyhun Bayramov və Ararat Mirzoyan Nyu-Yorkda görüşüb

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyanla görüşüb. 

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata görə, tərəflər Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayıb və 2025-ci ildə keçirilmiş Vaşinqton Sülh Sammiti çərçivəsində əldə olunan razılaşmalardan sonra prosesdə əldə edilmiş irəliləyişi nəzərdən keçiriblər.

Görüşdə iki ölkə arasında iqtisadi və nəqliyyat infrastrukturunun açılması məsələsinə xüsusi diqqət yetirilib.

Nazirlər sülhün praktiki faydalarının nümunəsi kimi Azərbaycan və Ermənistan arasında ticarət və tranzit əlaqələrini də qeyd ediblər.

Tərəflər həmçinin müxtəlif çoxtərəfli platformalarda müsbət gündəliyin təşviqi imkanlarını müzakirə edib və birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər.

 Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası və iqtisadi-nəqliyyat əlaqələrinin bərpası əsas istiqamətlərdən biri olaraq qalır. 2025-ci ildə Vaşinqtonda keçirilən görüşlər zamanı tərəflər sülh prosesinin irəlilədilməsi ilə bağlı bir sıra razılaşmalar əldə ediblər.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti