Image

Ekspert: ABŞ-da yaşayış xərclərinin artması kütləvi etirazlara səbəb ola bilər

ABŞ-da yaşayış xərclərinin artması, mənzil və gündəlik tələbat məhsullarının bahalaşması əhalinin kütləvi etirazlarına yol aça bilər. Bu barədə maliyyə eksperti Ted Cenkin Fox News üçün yazdığı məqalədə xəbərdarlıq edib.

Ekspert bildirib ki, inflyasiyanın azalması qiymətlərin əvvəlki səviyyəyə qayıtması demək deyil. Qiymət artımının tempi zəifləsə də, ərzaq, kommunal xidmətlər, kirayə, sığorta və vergilər üzrə xərclər Amerika ailələrinin büdcəsinə təzyiq göstərməkdə davam edir.

“İnsanlar işləyir, maaş alır və sual verirlər: niyə hələ də normal yaşamaq üçün kifayət qədər pul yoxdur? Amerika buna ciddi diqqət yetirməlidir”, – Cenkin yazıb.

Onun fikrincə, vətəndaşların maliyyə narazılığı Fransada və İtaliyada müşahidə olunan etirazlara bənzər aksiyalara səbəb ola bilər. Həmin etirazların əsas səbəbləri arasında aşağı əməkhaqqı, yüksək mənzil qiymətləri və gündəlik xərclərin artması göstərilir.

Cenkin xüsusilə gənc ailələrin mənzil almaq üçün vəsait toplamaqda çətinlik çəkdiyini vurğulayıb. O, həmçinin gündəlik xərclərini qarşılamaqda çətinlik çəkən valideynlərin və təqaüdçülərin vəziyyətinə diqqət çəkib. Ekspertin sözlərinə görə, bir çox vətəndaş gözlənilməz xərcləri ödəmək üçün kredit kartlarından istifadə etməyə məcbur qalır.

Məqalədə ABŞ-ın milli borcunun 40 trilyon dolları keçdiyi də qeyd olunub. Cenkin hesab edir ki, borca xidmət xərclərinin artması hökumətin gələcək iqtisadi şoklara cavab vermək imkanlarını məhdudlaşdıra bilər.

Ekspertin fikrincə, iqtisadi göstəricilər ailələrin real maliyyə vəziyyətini tam əks etdirmir. O, maliyyə rifahının əsas meyarı kimi mənzil, ərzaq, nəqliyyat, tibbi xidmət və kommunal xərclər ödənildikdən sonra vətəndaşların sərəncamında qalan vəsaiti göstərib.

Mənbə: anews.az

Xəbər lenti