Image

İlham Əliyev Volodimir Zelenski ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Görüşdə iki ölkə arasında iqtisadi-ticari əlaqələrin, o cümlədən özəl sektor vasitəsilə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri barədə fikir mübadiləsi aparılıb.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Zelenski İlham Əliyevi Zəfər Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik edib.

Görüşdə Volodimir Zelenskinin Azərbaycana səfəri və həmin səfər zamanı aparılan müzakirələr məmnunluqla xatırlanıb.

Ukrayna Prezidenti Azərbaycanın ölkəsinə göstərdiyi humanitar yardımlara, xüsusilə elektrik avadanlıqlarının təchizatı sahəsində dəstəyinə görə təşəkkür edib.

Tərəflər Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda postmünaqişə dövründə həyata keçirdiyi bərpa və quruculuq işlərini də müzakirə ediblər. Qeyd olunub ki, Ukrayna bu prosesi böyük maraqla izləyir və Azərbaycanın təcrübəsi Ukrayna üçün də əhəmiyyətli ola bilər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyada səfərdədir.

Mənbə: anews.az

Xəbər lenti