Bakıda tapdığı kartdan 104 manat xərclədi - 1 il 6 ay cəza aldı
Bakı şəhərində yerdən tapdığı bank kartından istifadə edərək 104,97 manat xərcləyən şəxs məhkum edilib.
Nəsimi Rayon Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs 2026-cı ildə Yasamal rayonunda, “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerdən bank kartı tapıb.
O, kartın başqasına məxsus olduğunu bildiyi halda həmin kartdan şəxsi ehtiyacları üçün istifadə edib. Həmin gün müxtəlif mağaza və ticarət obyektlərində təmassız ödəniş etməklə ümumilikdə 104 manat 97 qəpik xərcləyib.
“Men Butik” mağazasında 34 manatlıq ayaqqabı və 37 manatlıq köynək, yaxınlıqdakı ticarət nöqtəsində 25 manatlıq ətir, “Sizin Ucuzluq” mağazasında 4 manatlıq corab alıb. Daha sonra “28 Mall”dakı “Bravo” supermarketində 4,97 manatlıq alış-veriş edib.
Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qəbul edib. O bildirib ki, kartı yerdən tapdıqdan sonra ondan istifadə etmək qərarına gəlib və kart sahibinin kim olduğunu bilməyib.
Məhkəmə onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilib və 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.
Tatyana Kryuçkina
Mənbə: anews.az