Girnə sahillərində batan gəmidə 19 nəfərin axtarışları davam edir - Yenilənib
Şimali Kiprin Girnə sahillərində batan sərnişin gəmisində itkin düşən 19 nəfərin axtarış-xilasetmə işləri davam edir.Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "X" sosial şəbəkəsində bildirib.
Nazirin sözlərinə görə, gəmidə olan 240 nəfər xilas edilib, 8 nəfər ölüb, 19 sərnişinin axtarışı davam etdirilir.
Uraloğlu bildirib ki, Sahil Mühafizə Komandanlığının 5 üzən vasitəsi və 2 helikopteri bölgədə axtarış-xilasetmə işlərinə cəlb olunub.
***
Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində 7 nəfər ölüb, 237 nəfər xilas edilib.Bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel məlumat verib.
Hazırda hadisə yerində 23 nəfərin axtarışı və xilas olunması istiqamətində əməliyyat davam etdirilir.
***
Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisindən 159 nəfərin xilas edildiyi açıqlanıb.
"Haber Global" xəbər verir ki, bu barədə Girnə şəhərinin meri Murat Şenkul məlumat verib.
Onun sözlərinə görə, gəmidə sərnişin və ekipaj üzvləri olmaqla ümumilikdə 270 nəfər olub.
"Vəziyyət çox ciddidir. Sahil mühafizəsi, "Akgünler Express" gəmisi və çoxsaylı kiçik qayıqlar xilasetmə işlərinə cəlb olunub", - Şenkul bildirib.
***
Şimali Kiprin Girnə şəhəri yaxınlığında 260 nəfəri daşıyan sərnişin gəmisi batıb.Bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, gəmi sahildən təxminən 4 mil (təxminən 6.44 kilometr) aralıda batıb.
Hazırda xilasetmə qrupları tərəfindən axtarış-xilasetmə işləri aparılır.
Hadisənin səbəbi və sərnişinlərin vəziyyəti ilə bağlı əlavə məlumat verilmir.
Mənbə: anews.az