Simonyan: Bakı və İrəvan yeni mexanizm barədə razılaşıb
Ermənistan və Azərbaycan sülh prosesində həllini gözləyən məsələlərin həlli üçün yeni mexanizmlərin tətbiqi və dialoqun dərinləşdirilməsi barədə razılığa gəliblər. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib.
Simonyan jurnalistlərə deyib ki, tərəflər arasında müzakirələrin əsas mövzusu “sülhün dərinləşdirilməsi” olub.
“Azərbaycan tərəfindən sülhlə bağlı hazırda mümkün olan bütün addımların atılacağını və atıldığını görürəm”, - Simonyan deyib.
Onun sözlərinə görə, danışıqlarda saxlanılan şəxslər və itkin düşənlərlə bağlı hələ həllini gözləyən məsələlər də müzakirə olunub.
“Bütün bu məsələlər ətrafında müzakirələrimiz oldu və yeni mexanizmlərin tətbiqi, prosesin dərinləşdirilməsi barədə razılıq əldə olundu ki, hələ həllini tapmayan məsələlər həll edilsin”, - o bildirib.
Simonyan tərəflərin Azərbaycan və Ermənistan cəmiyyətlərinin sülhə hazırlanmasını da vacib hesab etdiyini deyib və qarşılıqlı səfərlərin, nümayəndə heyətləri arasında təmasların genişləndirilməsinin zəruriliyini vurğulayıb.
O, gələcəkdə Azərbaycana səfər edə biləcəyini də istisna etməyib, lakin bunun üçün konkret tarix müəyyən edilmədiyini bildirib.
Simonyan sentyabrda tərəflər arasında daha bir görüşün nəzərdə tutulduğunu, lakin onun tarixinin hələ dəqiqləşdirilmədiyini deyib.
“Görüş var, amma vaxtı dəqiq fiksə olunmayıb”, - o bildirib.
Gülnar Nazimqızı
Mənbə: anews.az