AMB iki şirkəti ümumilikdə 52 min manat cərimələyib
Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş bazarında fəaliyyət göstərən “Baku Pay” MMC və “Global İnnovations” MMC ilə bağlı inzibati məsuliyyət tədbirləri görüb.
AMB-nin məlumatına görə, “Baku Pay” MMC-də 31 mart–15 aprel 2026-cı il tarixlərində keçirilmiş yerində yoxlama zamanı pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması müəyyən edilib.
Bununla əlaqədar şirkətin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.2-ci maddəsinə əsasən 2 000 manat məbləğində cərimələnib.
“Global İnnovations” MMC-də isə 24 fevral–17 mart 2026-cı il tarixlərində aparılan yerində yoxlama zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı qanunvericiliyin bir sıra tələblərinin pozulduğu aşkarlanıb.
Pozuntularla əlaqədar şirkət İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 598.1.5 və 598.4-cü maddələrinə əsasən hüquqi şəxs kimi 50 000 manat məbləğində cərimə edilib.
Beləliklə, AMB-nin açıqladığı məlumatlara əsasən, iki şirkətə tətbiq edilən cərimələrin ümumi məbləği 52 000 manat təşkil edib.
Mənbə: anews.az