Çində robotlar üçün “uşaq bağçası” yaradılıb
Çində robotların insan tərəfindən verilən hazır təlimatlar əsasında deyil, öz təcrübələri və səhvləri vasitəsilə öyrənməsi üçün xüsusi təlim mərkəzi yaradılıb.
Təlim mərkəzi Çinin Tashan Technology şirkəti tərəfindən təsis edilib.
Tədqiqatçıların məqsədi robotların ətraf mühiti müstəqil şəkildə araşdırması, müxtəlif təcrübələr aparması və səhvlərindən nəticə çıxarmasıdır.
Bu yanaşmanın robotlara real fəaliyyət zamanı yeni şərtlərə uyğunlaşmaq və əvvəlcədən proqramlaşdırılmamış problemləri həll etmək imkanı verəcəyi gözlənilir.
Məsələn, robot təlim zamanı divara çırpılarsa, hərəkət istiqamətini dəyişərək təcrübəni yenidən həyata keçirir. Beləliklə, uğursuz cəhdlər robotun sonrakı davranışını təkmilləşdirmək üçün öyrənmə məlumatına çevrilir.
Tədqiqatçılar bildirirlər ki, bu təlim metodu daha çox vaxt tələb etsə də, nəticədə daha çevik və müstəqil robotların hazırlanmasına imkan verə bilər.
Uzunmüddətli perspektivdə robotların əldə etdikləri təcrübəni bir-biri ilə paylaşaraq öyrənmə prosesini sürətləndirə bilməsi də gözlənilir.
Aytac Zeynalova
Mənbə: anews.az