Image

Gömrükdə malların saxlanma müddəti ilə bağlı yenilik

 

Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların müvəqqəti saxlanca verilməsi ilə bağlı yeni qaydalar sentyabrın 3-dən qüvvəyə minib.

Dəyişikliklər iyunun 19-da qəbul edilmiş qanunla Gömrük Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlıdır.

Yeni qaydalara əsasən, fiziki şəxslərin gətirdiyi malların müvəqqəti saxlanc anbarına yerləşdirilməsi sadələşdirilmiş bəyannamə və gömrük orqanı tərəfindən tərtib edilən akt əsasında həyata keçiriləcək.

Malların müvəqqəti saxlancda qalma müddəti onların xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək. Ümumi qaydaya görə bu müddət 4 aydan çox ola bilməz. Gömrük orqanı malların və nəqliyyat vasitəsinin xüsusiyyətlərini, eləcə də gömrük bəyannaməsinin təqdim edilməsi üçün tələb olunan vaxtı nəzərə alacaq.

Fiziki şəxslərin əsaslandırılmış müraciəti olduqda saxlanc müddəti müəyyən edilmiş maksimum müddət çərçivəsində uzadıla bilər.

 

Fiziki şəxslər tərəfindən gömrük ərazisinə müəyyən edilmiş həddən artıq gətirilən və istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan qida məhsullarının müvəqqəti saxlanc anbarına yerləşdirilməsinə yol verilməyəcək.

Belə mallar şəxsin seçimi əsasında gömrük ərazisindən geri qaytarılmalı və ya gömrük vəzifəli şəxsin iştirakı ilə məhv edilməlidir.

Gömrük ərazisinə gətirilməsi qadağan olunan malların dərhal geri çıxarılması mümkün olmadıqda isə onların müvəqqəti saxlancda qalma müddəti 3 sutka ilə məhdudlaşdırılacaq.

Müvəqqəti saxlancda olan mallarla bağlı fiziki şəxslər tələb olunan gömrük ödənişlərini və qanunvericilikdə nəzərdə tutulduğu halda müvafiq lisenziya və ya icazəni təqdim etməklə malları götürə, onları gömrük ərazisindən geri qaytara və ya dövlətin xeyrinə imtina edə biləcəklər.

Malların müvəqqəti saxlancda saxlanmasına görə müəyyən edilmiş məbləğdə gömrük yığımı ödəniləcək.

 

Xarici malların müvəqqəti saxlanca yerləşdirilməsi müvəqqəti saxlanc bəyannaməsi əsasında həyata keçiriləcək. Bəyannamə ilə yanaşı, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər də təqdim olunacaq.

Müvəqqəti saxlanc bəyannaməsi malları ölkəyə gətirən şəxs, onun adından çıxış edən şəxs, malların daşınmasına məsul şəxs, onları dərhal digər gömrük proseduru altında yerləşdirən şəxs, saxlanc yerinin sahibi və ya sərbəst zonada fəaliyyət göstərən şəxslərdən biri tərəfindən təqdim edilə bilər.

Qısa idxal bəyannaməsi və ya onu əvəz edən nəqliyyat sənədləri də məlumatların tamlığından asılı olaraq müvəqqəti saxlanc bəyannaməsi kimi qəbul edilə bilər.

Bəyannaməyə düzəlişlər, bir sıra hallar istisna olmaqla, bəyannaməçinin müraciəti əsasında mümkün olacaq. Gömrük orqanı malları yoxlamaq niyyətini bildirdikdən və ya bəyannamədəki məlumatların düzgün olmadığını müəyyən etdikdən sonra düzəliş edilməsinə icazə verilməyəcək.

Bəyannaməçinin müraciəti əsasında və ya bəyan edilmiş mallar 1 ay ərzində gömrük orqanına təqdim edilmədikdə bəyannamə ləğv ediləcək.

Saxlanc anbarlarına dair tələblər

Xarici mallar idxal rüsumları, idxal üzrə ƏDV və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük nəzarəti altında müvəqqəti saxlanc anbarlarında və ya gömrük orqanları ilə razılaşdırılmış digər saxlanc yerlərində saxlanılacaq.

Gömrük orqanları mal sahibindən yarana biləcək gömrük borcuna görə təminat tələb edə biləcək.

Müvəqqəti saxlancda olan mallar onların mövcud vəziyyətini qorumaq məqsədilə adi işləmə əməliyyatlarına məruz qala bilər. Bu zaman malların xarici görünüşünün və texniki göstəricilərinin dəyişdirilməsinə yol verilməyəcək.

Saxlanc anbarının və ya saxlanc yerinin sahibi malların gömrük nəzarətindən yayındırılmasına və saxlancdan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyacaq.

Malların müvəqqəti saxlancda qalma müddəti başa çatdıqda onlar başqa gömrük proseduru altında yerləşdirilməli və ya təkrar ixrac edilməlidir. Əks halda həmin mallar barəsində qanunvericilikdə müəyyən edilmiş qaydada sərəncam veriləcək.

Müvəqqəti saxlancda olan mallar gömrük orqanının razılığı ilə gömrük nəzarəti altında müxtəlif saxlanc anbarları arasında da daşına biləcək.

Qeyd edək ki, qanun layihəsi ilk dəfə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 29-da keçirilən iclasında təqdim olunub.

İclasda Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib ki, dəyişikliklərin əsas məqsədləri Azərbaycanın tranzit potensialının inkişaf etdirilməsi, gömrük əməliyyatlarının sadələşdirilməsi, etibarlı tərəfdaşlıq institutunun təşviqi və gömrük nəzarətində müasir yanaşmaların tətbiqidir.

Bağırov multimodal daşımalar zamanı “bir elektron bəyannamə” prinsipinin tətbiqinin, tranzit əməliyyatlarının rəqəmsallaşdırılmasının və beynəlxalq tranzit sistemlərinə inteqrasiyanın Azərbaycanın tranzit ölkə kimi mövqeyinin gücləndirilməsinə xidmət edəcəyini qeyd edib.

Dəyişikliklər çərçivəsində inzibati aktların elektronlaşdırılması, elektron sənəd dövriyyəsinin genişləndirilməsi və Ticarətin Asanlaşdırılması Mərkəzləri konsepsiyasının tətbiqi də nəzərdə tutulur.

Yeni normaların gömrük tənzimlənməsinin daha çevik və şəffaf həyata keçirilməsinə, sahibkarlıq subyektlərinin inzibati yükünün azaldılmasına, xarici ticarət əməliyyatlarının sürətləndirilməsinə və Azərbaycanın tranzit-logistika imkanlarının genişləndirilməsinə yönəldiyi bildirilir.

Mənbə: anews.az

Xəbər lenti