Füzulidə yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Füzuli rayonunun 1 Nömrəli Qayıdış qəsəbəsində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində yoxlama zamanı insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntular aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən İbişov Taryel Kazım oğluna məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı yanacaqsaxlama çənlərinin markalanması və texniki pasportlarının olmaması, təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməməsi, çənlərin texniki təhlükəsizlik ekspertizasından keçirilməyərək sertifikatlaşdırılmaması müəyyən edilib.
Həmçinin ildırımötürücü qurğunun texniki vəziyyətinin yoxlanılmadığı, məntəqənin texniki sazlığına və təhlükəsiz istismarına cavabdeh şəxsin təyin edilmədiyi, fəaliyyət üçün lisenziyanın alınmadığı və texniki təhlükəsizlik bəyannaməsinin olmadığı aşkarlanıb.
Bundan əlavə, mümkün qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlər planının hazırlanmadığı, təhlükə potensiallı qurğu və avadanlıqların istismarı ilə məşğul olan operatorlardan birinin attestasiyadan keçirilmədiyi müəyyən olunub.
FHN-in məlumatına görə, pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmaması və onların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb.
Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün tərtib edilmiş aktın bir nüsxəsi sahibkara təqdim olunub. Obyekt sahibi ilə profilaktik söhbət aparılıb və pozuntuların aradan qaldırılması ilə bağlı tövsiyələr verilib.
Mənbə: anews.az